Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin maliyyələşdirilməsi xərclərinin ÜDM-ə nisbətinin mərhələlərlə 5–6 faizə çatdırılması vəd edilmişdi.
“Fakt Yoxla” hökumətin verdiyi vədi yerinə yetirib-yetirmədiyini araşdırıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə Azərbaycanda 126,3 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına əsasən, elm xərcləri 197,167,093 manat, təhsil xərcləri isə 4,390,064,757 manat olmuşdur ki, bu da ümumi daxili məhsula nisbətdə müvafiq olaraq, 0.16% və 3.5% deməkdir.
“Fakt Yoxla”nın araşdırmasına görə, Dövlət Strategiyasının qəbulundan 10 ildən artıq vaxt keçməsinə baxmayaraq, hökumət təhsilin maliyyələşdirilməsi xərclərinin ÜDM-ə nisbətinin 5–6 faizə çatdırılması ilə bağlı vədi yerinə yetirməyib.