logo logo

Deyilənlərə yox, faktlara inanın

Koronavirus

Əhliman Əmiraslanov: “Koronavirus əleyhinə peyvənddən imtina edən şəxslərin müalicəsi dövlət hesabına qarşılanmayacaq”

Əhliman Əmiraslanov: “Koronavirus əleyhinə peyvənddən imtina edən şəxslərin müalicəsi dövlət hesabına qarşılanmayacaq”

Foto "sfera.az"dan götürülüb.

Milli Məclisin 29 oktyabrda keçirilən plenar iclasında parlamentin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, koronavirus əleyhinə peyvənddən imtina edən və bu xəstəliyə tutulan şəxslərin müalicəsinin dövlət hesabına qarşılanması gündəmdə deyil.

“Peyvənddən imtina edən şəxslər dövlət hesabına müalicə olunmayacaq”, ‒ deyə Əmiraslanov vurğulayıb.

“Fakt Yoxla” deputatın iddiasının hüquqi əsasının olub-olmadığını analiz edib.

Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın 5.1.1-ci bəndinə əsasən, Azərbaycanda vaksinasiya könüllülük prinsipinə əsaslanır. Yəni vətəndaş vaksinasiyada iştirak edib-etməməyə könüllü şəkildə qərar verir.

Konstitusiyanın 41-ci maddəsinə görə, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var. 

Konstitusiyanın 71.2-ci maddəsində isə bildirilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. 

Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.

“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 1-ci maddəsinə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı, tibbi-sosial yardımın hamı üçün mümkünlüyü və sağlamlığın itirilməsi zamanı vətəndaşların sosial müdafiəsi əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindəndir. 

Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması və tibbi yardım alması hüququ bu Qanunun 10-cu maddəsi ilə də tanınır. 

Qanunun 12-ci maddəsinə görə, xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ var.

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunda da peyvənddən imtina etmiş şəxslərlə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmur. 

“Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli Qərarının 4-1.1-ci maddəsinə görə, aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər. 

Sözügedən qərarda peyvənd olunmamış şəxslərin dövlət hesabına müalicəsi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmur.

“Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Qanunun 3-cü maddəsi profilaktik peyvəndlərin bütün vətəndaşlar üçün zəruri olduğunu bildirir. Bu Qanun da peyvəndlərin məcburiliyi və ya peyvənddən imtina edən şəxslərə münasibətdə dövlət hesabına müalicə ilə bağlı hər hansı məhdudiyyət müəyyən etmir.

“Dərman vasitələri haqqında” Qanunun 3.0.6-cı maddəsində qeyd olunur ki, qanunvericilikdə müəyyənləşdirilmiş qaydada vətəndaşların ayrı-ayrı kateqoriyalarına pulsuz və ya güzəştli dərman yardımı göstərilməsinə təminat verilməsi dövlətin bu sahədə əsas vəzifələrindən biridir. 

Qanun dərman vasitələri ilə təminat məsələsində də peyvənddən imtina etmiş şəxslərlə bağlı məhdudiyyət göstərmir. 

Bu məsələ ilə bağlı, həmçinin qeyd edilməlidir ki, koronavirusla mübarizə məqsədilə tibbi avadanlıqlar və digər tibbi vasitələrin tədarükü də dövlət büdcəsindən ayrılan vəsaitlə həyata keçirilib. Belə ki, “Koronavirus pandemiyasına qarşı Azərbaycanda həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında” Prezidentin 9 aprel 2020-ci il tarixli sərəncamına əsasən, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb.

Bundan başqa, Sahiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin 22 dekabr 2020-ci il tarixində koronavirus pandemiyası ilə bağlı yaydığı birgə məlumatda da qeyd olunub ki, bütün tibb müəssisələrində  müayinə və müalicə prosesi qəbul edilmiş klinik protokollara uyğun olaraq tamamilə dövlət hesabına pulsuz həyata keçirilir.

Deputatın iddiası Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya; AİHK) 2-ci – yaşamaq hüququ və 14-cü – ayrı-seçkiliyin qadağan olunması maddələrinə də ziddir. 

Avropa İnsan Hüquqları Məhkəməsinin Konvensiyanın 2-ci maddəsi ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə əsasən, səhiyyə kontekstində pozitiv öhdəliklər dövlətlərdən istər özəl, istərsə də dövlət xəstəxanalarını pasiyentlərin həyatlarını qorumaq üçün müvafiq tədbirlər görməyə sövq edən tənzimləmələr yaratmağı tələb edir. Statistikalardan məlum olduğu kimi, koronavirus ölümə səbəb ola bilən xəstəlikdir. Bu baxımdan, dövlətin yalnız peyvənddən imtina etməsi əsası ilə şəxsin müalicəsini qarşılamaması onun həyatını risk altında qoya bilər. Bu isə dövlətin Konvensiyanın 2-ci maddəsi altında nəzərdə tutulan öhdəliklərini pozması kimi qiymətləndirilə bilər. 

Məhkəmə bildirib ki, səlahiyyətli orqanların əhali üçün təqdim edilən səhiyyə xidmətlərinin göstərilməsindən imtina yolu ilə fərdin həyatını risk altında qoyması iddia edildikdə, Konvensiyanın 2-ci maddəsi ilə bağlı məsələ qaldırıla bilər. 

Konvensiya şəxsin dövlət hesabına müalicə olunmaq hüququna təminat vermir. Lakin bu cür müalicədən məhrum edilmə 2-ci maddə altında bir sıra məsələlərin qaldırılmasına və hətta şəxsin yaşamaq hüququnun pozulmasına da səbəb ola bilər. Bu baxımdan, peyvənd olunmuş şəxslərlə peyvənddən imtina edən şəxslər arasında fərq qoyaraq onlara dövlət hesabına müalicədə fərqli rəftar göstərmək sonuncuların yaşamaq hüququna münasibətdə ayrı-seçkiliyə məruz qalmaları ilə nəticələnə bilər.

Konvensiyanın 14-cü maddəsində deyilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya hər hansı digər əlamətlərə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. 

Avropa Məhkəməsinin 14-cü maddə ilə bağlı formalaşmış təcrübəsinə əsasən, bu maddədəki “hər hansı digər əlamət” sözlərinə ümumiyyətlə geniş məna verilir. Həmin sözlərin şərhi zamanı yalnız şəxslə bağlı anadangəlmə və ya təbii xüsusiyyətlər nəzərə alınmır. Tibbi vəziyyətlə bağlı hallar da 14-cü maddənin əhatə dairəsinə düşür.

Beləliklə, Azərbaycan qanunvericiliyində koronavirus əleyhinə peyvənddən imtina edən və bu xəstəliyə tutulan şəxslərin müalicəsinin dövlət hesabına qarşılanmayacağını təsdiqləyən müddəa yoxdur. Belə bir addım şəxsin AİHK ilə qorunan hüquqlarının pozulması ilə də nəticələnə bilər.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Əhliman Əmiraslanov hüquqazidd açıqlama verib.

“report.az” Əhliman Əmiraslanov: "Peyvənddən imtina edən şəxslər dövlət hesabına müalicə olunmayacaq"

“e-qanun.az” AR-nın Konstitusiyası

AR Nazirlər Kabineti, 16 yanvar 2021-ci il tarixli, 48s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”

“e-qanun.az”, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun

“e-qanun.az”, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanun

“e-qanun.az”, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli Qərarı.

“e-qanun.az”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Qanun

“e-qanun.az” “Dərman vasitələri haqqında” Qanun

“e-qanun.az”, “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2020-ci il tarixli sərəncamı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Sahiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin 22 dekabr 2020-ci il tarixində koronavirus pandemiyası ilə bağlı yaydığı birgə məlumat

Avropa Şurası, Avropa İnsan Hüquqları Konvensiyası

AİHM, Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi üzrə təlimat kitabçası

AİHM, Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsi üzrə təlimat kitabçası.

AİHM, Avropa İnsan Hüquqları Məhkəməsinin “Kipr Türkiyəyə qarşı” işi, ərizə no. 25781/94

Analiz
  • 16 Noyabr, 2021
  • 1061

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə