İsrailin iyunun 13-də İrana qarşı əməliyyat keçirməsi iki ölkə arasında hərbi toqquşmaya səbəb olub. Tərəflər bir-birinin müxtəlif şəhərlərinə raket və dronlarla hücum edir. İyunun 17-də isə İran İsrail kəşfiyyatının (MOSSAD) Herzliyada yerləşən qərargahına hücum etdiyini iddia edib.
Bu məlumatın yayılmasından sonra Azərbaycana məxsus bir sıra teleqram kanallarında və sosial media səhifələrində Herzliyaya edilən hücuma aid olduğu iddia edilən görüntülər paylaşılıb.
Videonu “musavat.com” və APA agentliyinin on minlərlə üzvü olan teleqram kanalları, APA-nın instaqram səhifəsi paylaşıb.
Skrinşot APA agentliyinin teleqram kanalından götürülüb.
Skrinşot “musavat.com”un teleqram kanalından götürülüb.
Eyni görüntülərin feysbukda da paylaşıldığını görmək mümkündür.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
Paylaşılan görüntülərdə yanğın baş verdiyi və havaya qara tüstü qalxdığı, insanların qaçışdığı görünür.
Ancaq görüntülər İsrail-İran hərbi qarşıdurmasına aid deyil. Video iyunun 12-də Çində motosiklet dayanacağında baş verən yanğını göstərir.
Skrinşot Çinin “CGTNEurope” kanalının feysbuk səhifəsindən götürülüb
Bu məlumat beynəlxalq media qurumları (məsələn BBC) tərəfindən də təsdiqlənib.
Skrinşot BBC-nin saytından götürülüb.
BBC qeyd edir ki, yerli yanğınsöndürmə idarəsinin məlumatına görə, yanğın 20 dəqiqə ərzində söndürülüb və tələfat yoxdur.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, yanğın görüntülərinin İranın zərbələrindən sonra İsraildə çəkilməsi barədə xəbərlər saxtadır.