logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun “Media haqqında” Qanunla bağlı iddiası

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun “Media haqqında” Qanunla bağlı iddiası

“Prezident tərəfindən cari ilin fevralında imzalanmış və Azərbaycanda media islahatlarının “yol xəritəsi” kimi dəyərləndirilən “Media haqqında” Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır”.

Medianın İnkişafı Agentliyinin (MİA) icraçı direktoru Əhməd İsmayılov yerli mediaya müsahibəsində belə deyib.

“Fakt Yoxla” iddianı yoxlayıb.

Ötən ilin dekabrında Azərbaycanda yeni “Media haqqında” Qanun qəbul edilib. 

Qanun bir çox müstəqil ekspertlərin və uyğun beynəlxalq qurumların təmsilçilərinin sərt tənqidinə məruz qalıb.   

Avropa Şurasının Venesiya Komissiyası (VK) sənədlə bağlı yaydığı açıqlamada bildirib ki, “Belə qanun Avropa Şurasının üzvü olan dövlət tərəfindən tətbiq edilə bilməz”. 

Komissiyanın rəyində qanunun müxtəlif maddələri Azərbaycan Konstitusiyası və  Avropa İnsan Haqları Konvensiyası əsas götürülərək dəyərləndirilib. 

VK sənədin müxtəlif müddəalarının məhdudlaşdırıcı olması və qanundan çıxarılması ilə bağlı rəy verib. Bu maddələrə təhlükəsizlik əsas gətirilərək fövqəladə hallarda informasiya yayımının qarşısının alınması, jurnalistlərin akkreditasiyası, media qurumlarının lisenziyalaşdırılması, ölkə daxilində və xaricində Azərbaycan haqqında məlumat yayan media qurumlarına müdaxilə etmə imkanının yaradılması və s. aid edilib. 

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç isə Prezident İlham Əliyevi öz səlahiyyətlərindən istifadə edərək, qanuna əsaslı şəkildə yenidən baxılması üçün Milli Məclisə geri qaytarmağa dəvət edib

O, məktubunda parlament tərəfindən 30 dekabr 2021-ci ildə geniş və mənalı məsləhətləşmələr aparılmadan qəbul edilmiş qanunun ifadə və media azadlığı ilə bağlı beynəlxalq standartlara uyğunsuzuğundan ciddi narahatlığını bildirib. 

Komissar sənədin azad, müstəqil, senzurasız media və plüralizm prinsiplərinə zidd olaraq mətbuat sahəsini və jurnalist peşəsini həddindən artıq tənzimlədiyini vurğulayıb. 

Mərkəzi ofisi Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) isə 10 fevral 2022-ci ildə qanunun ləğvinə çağırış edib. 

Qurum qanunun mətbuata dövlət nəzarətini artırdığını xüsusi qeyd edib.

Komitəninin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid deyib ki, “Azərbaycanın yeni media qanunu qeyri-müəyyənliklər və ağır tələblərlə doludur və ölkəni işıqlandıran azad medianın son dayaqlarını hədəfə almaq üçün qəsdən hesablanmış görünür”. 

CPJ təmsilçisi daha sonra deyib: “Prezident İlham Əliyev heç vaxt bu qanunu təsdiq etməməli idi və indi hakimiyyət onu ləğv etməli və mətbuat nümayəndələrinə qarşı istifadə edilməməsinə çalışmalıdır”.

Bu qanunun qəbulu Bakıda müstəqil jurnalistlərin kütləvi etirazları ilə də müşayiət olunub

“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən Əhməd İsmayılovun iddiası yanlışdır. 

Yanlış
  • 28 Sentyabr, 2022
  • 2062

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə