logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Deputat Kamal Cəfərov: 1991-ci ildə bərpa edilən müstəqilliyimiz formal xarakter daşıyırdı

Deputat Kamal Cəfərov: 1991-ci ildə bərpa edilən müstəqilliyimiz formal xarakter daşıyırdı

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan xüsusi iclasında çıxışı zamanı 1991-ci ildə bərpa edilən dövlət müstəqilliyimizin formal xarakter daşıdığını deyib.

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi haqqında bəyannamə, 18 oktyabrda isə dövlət müstəqilliyi haqqında Konsti̇tusi̇ya Aktı qəbul edilib.

Azərbaycan Respublikasının 1991-ci ildə elan etdiyi müstəqillik formal xarakter daşımırdı. De fakto ölkədə prezident seçkiləri keçirilmiş, Rusiya ordusu ölkədən çıxarılmışdı, nazirliklər təsis edilmiş və onlara nazirlər təyin edilmişdi. De yuri Azərbaycan 1991-ci ildən etibarən bəynəlxalq təşkilatların üzvü olub, digər dövlətlər onun müstəqilliyini tanıyıb, ölkədə prezident seçkiləri keçirilib. 

Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan xüsusi iclasında çıxışı zamanı 1991-ci ildə bərpa edilən dövlət müstəqilliyimizin formal xarakter daşıdığını deyib: “1991-ci ildə bərpa edilən dövlət müstəqilliyimiz həmin dövrün geosiyasi şəraiti və tarixi hadisələrinin məntiqi nəticəsi idi və təəssüf ki, formal xarakter daşıyırdı.”

"Fakt Yoxla" bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Dövlət müstəqilliyinin formal xarakter daşıması o mənaya gəlir ki, müəyyən bir ərazidə dövlət elan edilsə də, praktiki olaraq (de fakto) dövlət mövcud deyil, yaxud da elan edilən dövlət hüquqi olaraq (de yuri) beynəlxalq müstəvidə tanınmır.

1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında (keçmiş Lenin) Qarabağla bağlı ərazi iddialarına etiraz olaraq başlayan mitinqlər sonradan Azərbaycanın müstəqillik tələblərinin səsləndiyi tribunaya çevrilir. Yüz minlərlə insan Azadlıq meydanına toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxır. 

1989-cu ildə müstəqillik hərəkatının aparıcı qüvvəsi olan Azərbaycan Xalq Cəbhəsi (AXC) dövlət tərfindən qeydiyyata alınıb. 1990-cı ilin yanvarın 20-də meydan hərəkatını dağıtmaq üçün Bakıya Sovet qoşunları yeridilib və yüzlərlə dinc sakin qətlə yetirilib.

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi haqqında bəyannamə, 18 oktyabrda isə dövlət müstəqilliyi haqqında Konsti̇tusi̇ya Aktı qəbul edilir. Konstitusiya Aktında Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş cümhuriyyətin varisi hesab edilir və Azərbaycan müstəqil, dünyəvi, demokratik, unitar dövlət elan olunur. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında da 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konsti̇tusi̇ya Aktına istinad edilib və orada əks olunan prinsiplər əsas götürülüb. 1991-ci ilin dekabrın 25-də SSRİ-nin dövlət olaraq mövcudluğuna son qoyulub.

1991-ci ildən etibarən Azərbaycan müstəqil beynəlxalq ikitərəfli münasibətlər qurmağa başlayıb, dövlət müstəqilliyi xarici ölkələr tərəfindən tanınıb. Belə ki, 1991-ci ilin sonuna qədər Türkiyə, Estoniya, Ruminiya, Pakistan, İsveçrə, İran, İsrail, Birləşmiş Krallıq və başqa ölkələr Azərbaycanın dövlət müstəqilliyini tanıyıb.

Müstəqilliyin ardından Azərbaycan Respublikası beynəlxalq və regional təşkilatlara da üzv olmağa başlayıb. Belə ki, Azərbaycan ilk olaraq 1991-ci ilin dekabrın 8-də İslam Əməkdaşlıq Təşkilatına, 1992-ci ilin 30 yanvarında ATƏM-ə (ATƏT), 1992-ci ilin 2 mart tarixində isə Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edildi

Azərbaycanın müstəqilliyini əldə etməsindən qısa müddət sonra, 1992-ci ilin iyunun 7-də prezident seçkiləri keçirildi və Əbülfəz Elçibəy səslərin 60%-ni toplayaraq prezident seçildi. ATƏT-in (həmin vaxtı ATƏM) dərc etdiyi sənəddə də qeyd olunub ki, seçkilər, əsasən azad, ədalətli və demokratik şəraitdə keçirilib. Bu seçkilər Azərbaycan xalqının müstəqilliyini yeni elan etmiş ölkədə effektiv idarəetməyə sahib olduğunu göstərir. Həmçinin, müstəqilliyin ilk günlərindən etibarən nazirliklər təsis edildi və nazirlər təyin edildi. 1993-cü ilin mayın 25-də Rusiya ordusu bir çox keçmiş Sovet ölkələrinin nümunəsindən fərqli olaraq Azərbaycan Respublikasının ərazisindən tamamilə çıxarıldı.

Beləliklə, Azərbaycan Respublikasının 1991-ci ildə elan etdiyi müstəqillik formal xarakter daşımırdı. De fakto ölkədə prezident seçkiləri keçirilmiş, Rusiya ordusu ölkədən çıxarılmışdı, nazirliklər təsis edilmiş və onlara nazirlər təyin edilmişdi. De yuri Azərbaycan 1991-ci ildən etibarən bəynəlxalq təşkilatların üzvü olub, digər dövlətlər onun müstəqilliyini tanıyıb, ölkədə prezident seçkiləri keçirilib. 

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Kamal Cəfərovun iddası yanlışdır.

Yanlış
  • 1 İyul, 2025
  • 74

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə