Deputat Azər Allahverənov iyirmidən çox dənizaşırı ərazinin Fransanın müstəmləkəçi siyasətinə məruz qaldığını iddia edib: “Hazırda 20-dən çox dənizaşırı ərazi Fransanın müstəmləkəçiliyinə məruz qalır”.
“Fakt Yoxla” Fransanın iyirmi dənizaşırı ərazisi olub-olmadığını yoxlayıb.
Hazırda Fransanın dənizaşırı ərazi statusuna malik 12 ərazisi və əhalisinin olmaması səbəbindən dənizaşırı statusuna malik olmayıb Fransız Polineziyasının Yüksək Komissarı tərəfindən idarə olunan 1 ərazisi var.
Dənizaşırı ərazilər region və departament, dənizaşırı kollektivlər və xüsusi statuslu ərazi olmaqla 3 qrupa bölünür.
Dənizaşırı regionlar və departamentlər: 5 ədəd.
- Qvadalupe - Karib dənizində yerləşir.
- Martinik - Karib dənizində yerləşir.
- Fransız Qvineyası - Cənubi Amerikada yerləşir.
- Reyunyon - Hind okeanı, Madaqaskar yaxınlığında yerləşir.
- Mayotta - Hind okeanı, Mozambik yaxınlığında yerləşir.
Dənizaşırı kollektivlər: 6 ədəd
- Fransız Polineziyası - Sakit okeanda yerləşir.
- Yeni Kaledoniya - Sakit okeanda yerləşir.
- Uallis və Futuna - Sakit okeanda yerləşir.
- Sen-Pier və Migelon - Kanada yaxınlığında yerləşir.
- Sen-Bartelemi - Karib dənizində yerləşir.
- Sen-Martin - Karib dənizində yerləşir.
Xüsusi statuslu ərazilər: 1 ədəd
Fransız Cənub və Antarktik Əraziləri - Antarktika yaxınlığı və Hind okeanında yerləşir.
Klipperton adasının müəyyən edilmiş rəsmi statusu yoxdur. Ada nə dənizaşırı departament və ya ərazidir, nə də xüsusi statuslu yerli idarəetmə vahididir. O, Fransız Polineziyasının yüksək komissarı tərəfindən idarə olunur.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputatın iddiası yanlışdır.