Azərbaycanlı intellektual oyun iştirakçısı Rövşən Əsgərov bu ilin mart ayında məşhur “вДудь” kanalına verdiyi müsahibəsində bildirib ki, Azərbaycanda seçkilərdə bütün demokratik institutlar mövcuddur.
“Azərbaycanda da … seçkilər olub, hələ də var. Seçkidə yalnız bir nəfər iştirak etmir. Orada seçkilərdə bütün demokratik institutlar mövcuddur”, - deyə o qeyd edib.
“Fakt Yoxla” platforması iddianın doğru olub-olmadığını analiz edib.
Venesiya Komissiyasının MDB-yə üzv Dövlətlərdə Demokratik Seçki Standartları, Səsvermə Hüquqları və Azadlıqları haqqında Konvensiyası ictimai nəzarət, media azadlığı, müstəqil məhkəmə sistemi, siyasi partiyaların iştirakı, seçki komissiyalarının müstəqilliyi, seçici hüquqlarının qorunması, şəffaf maliyyə nəzarəti və seçki müşahidəsi kimi komponentləri demokratik seçki standartlarına aid edib (maddə 1).
İctimai nəzarətin həyata keçirilməsi üçün seçki prosesi haqqında məlumatlar, seçki prosesinin hər kəsə açıq olması, proses barəsində hesabatların təqdim edilməsi zəruridir.
Azərbaycanda seçki prosesini izləyən qeyri-hökümət təşkilatları və ictimai birliklərin sayı kifayət qədər məhduddur. Bunlardan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 2008-ci ildən fəaliyyət göstərir və ölkədə keçirilən seçki prosesləri ilə bağlı hesabatlar hazırlayaraq ümumi vəziyyət haqqında ictimaiyyətə məlumat verməklə məşğul olurdu. Qurum keçirilən seçkilərdə baş verən qanun pozuntuları haqqında faktlar əsasında hesabatlar dərc edib. Hazırda bu quruma qarşı cinayət işi açılıb, təsisçisi Anar Məmmədli həbs olunub. Bu, qurumun sədrinə qarşı aparılan ikinci cinayət işidir. İlkin cinayət işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi Anar Məmmədlinin həbsini hüquq pozuntusu kimi tanıyıb.
Bu ilin mart ayında isə yeni yaranmış Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib. Barələrində cinayət işi başladılan hər iki təşkilat seçkiləri müşahidə edərək baş verən qanun pozuntuları haqqında hesabatlar dərc etməklə ictimaiyyəti məlumatlandırırdılar.
Bundan əlavə, Demokratik Təşəbbüslər İnstitutu da ölkədə keçirilən seçkiləri müşahidə edən qeyri-hökumət təşkilatlarından biri idi. Bu qurum yerli müşahidəçilər vasitəsilə seçki prosesini monitorinq edir, hesabatlar hazırlayır və ictimaiyyəti seçki prosesinin gedişatı və orada olan pozuntular haqqında məlumatlandırırdı. Qurumun sədri Akif Qurbanov 2024-cü ilin mart ayından həbsdədir.
“Mənim səsim Seçki Monitorinq Koalisiyası”, “Seçki Müşahidə və Təhlil Qrupu Koaliyası” və “Sivil Toplum Monitorinq Koalisiyası” kimi hökumətyönümlü ictimai birliklər isə seçkilərin tam qanunauyğun, şəffaf və ədalətli keçirildiyini iddia edib, qanun pozuntuları ilə bağlı faktları təkzib ediblər. Bu təşkilatların heç biri detallı hesabatlar dərc etmir, təkmilləşdirilmələrin aparılması təklifləri ilə çıxış etmirlər və mövcud sistemi “ideal” hesab edirlər. Halbuki, Azərbaycanda seçki institutu ilə bağlı beynəlxalq təşkilatların iradları, təklif və tövsiyyələri var.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) 2024-cü ildə baş tutan 7 fevral prezident seçkiləri ilə bağlı yekun hesabatında nöqsanlı hesab edilən məqamları sadalayaraq, təklif və tövsiyyələr verib. Bunların bir qisminə aiddir: namizədlər arasında real rəqabətin olmaması, namizədlərin öz kampaniyalarında hazırkı hökumətin siyasətini tənqid etməməsi və alternativ təkliflərlə çıxış etməməsi və s. Büro həmçinin hakimiyyəti əsas azadlıqlara hörmət etməyə, seçki iştirakçılarının təzyiq və ya hədə-qorxuya məruz qalmadan təbliğat aparmalarını təmin etməyə, təzyiq və ya hədə-qorxu hallarını operativ şəkildə araşdırmağa və təqsirkarları əməllərinə görə məsuliyyətə cəlb etməyə çağırıb.
1 sentyabr Milli Məclisə keçirilən seçkilər barədə yekun hesabatında isə büro bildirib ki, bəzi namizədlər müxtəlif səbəblərdən, o cümlədən hədə-qorxu və mürəkkəb inzibati prosedurlar səbəbindən müraciətlərini geri götürüblər. Namizədliyi qeydə alınmamış şəxslər də öz ailə və iş yerlərinə qarşı hədə-qorxu ilə üzləşmişlər. Görüşlər əsasən kiçik və ya məhdud sayda iştirakçı ilə keçirilib. Kampaniya çox az diqqət çəkib və cəmiyyətdə məhdud iştirak yaradıb. Seçkidə çox sayda namizəd olsa da, kampaniya rəqabətsiz olub və seçicilərə həqiqi siyasi alternativlər təklif edilməyib. Siyasi partiyalar əsasən kiçik tədbirlər və prezidentin hökumət siyasətini dəstəkləyən mesajlar yayıblar. Toplaşmaq və ifadə azadlığı da daxil olmaqla, məhdudlaşdırıcı qaydalar namizədlərin öz fikirlərini sərbəst çatdırmalarına və seçicilərin düzgün məlumat almasına mane olub. Media qanununda da jurnalistlər və medianın plüralizmini əngəlləyən qaydalar mövcuddur.
Seçkiləri müşahidə edən təşkilatlarla yanaşı, baş verən pozuntuları ictimaiyyətə çatdıran media orqanları da təqibə məruz qalır. Həmin media orqanlarının demək olar ki, hamısına qarşı cinayət işləri açılıb və əməkdaşları həbs olunub. Hazırda ölkədə aktiv fəaliyyət göstərən və dövlət büdcəsindən maliyyələşən media təşkilatlarının isə demək olar ki, heç biri seçki prosesində baş verən pozuntular haqqında xəbər təqdim etməyiblər.
Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri parlament tərəfindən seçilir. Dairə Seçki Komissiyalarının (DSK) üzvləri MSK tərəfindən, Məntəqə Seçki Komissiyalarının (MnSK) üzvləri isə müvafiq dairə komissiyaları tərəfindən təyin olunur. Qanunvericiliyə əsasən, bütün səviyyələrdəki seçki komissiyalarının tərkibi parlamentin siyasi quruluşunu əks etdirməlidir. Belə ki, parlament çoxluğu, parlament azlığı və bitərəf deputatlar hər biri komissiya üzvlərinin üçdə birini irəli sürür.
Lakin parlamentdəki bu qruplar arasında real siyasi rəqabət və ya aydın ideoloji fərqlər mövcud olmadığı üçün, praktiki olaraq seçki komissiyalarının tərkibi nə siyasi plüralizmi, nə də balansı təmin edir. Seçki prosesinə rəhbərlik edən bu qurumların ümumilikdə bütün səviyyələrdə siyasi baxımdan balanslı olmadığı müşahidə olunur. Seçki günü daxil olmaqla, bu qurumların müstəqil və qərəzsiz fəaliyyət göstərmək imkanı şübhəlidir. Seçki günü MnSK-ların tərkibindəki komissiya üzvlərinin demək olar hamısının iqtidarda olan Yeni Azərbaycan Partiyasının (YAP) maraqlarını təmsil etməsi bu şübhələri daha da artırır. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hazırda bütün seçki komissiyalarında, o cümlədən MSK-da hakim partiyaya yaxın üzvlərin nisbətinin xüsusilə yüksək olduğu fikrini bölüşür (AİHM, Qəhrəmanlı Azərbaycana qarşı qərar, 78-ci bənd)
ATƏT/DTİHB-nin hesabatında qeyd olunduğu kimi şəffaf və ədalətli seçki prosesinin keçirilməsi üçün vacib faktorlardan biri də seçki gününə qədər siyasi partiyaların azad fəaliyyəti, seçki kampanyalarının təşkil olunmasıdır. Azərbaycanda siyasi partiyaların fəaliyyəti əsasən 2022-ci ilə qəbul edilən və sonradan məhdudlaşdırıcı dəyişikliklər edilən “Siyasi partiyaların fəaliyyəti” haqqında Qanunla tənzimlənir. Venesiya Komissiyası və ATƏT/DTİHB-nin birgə rəyi ilə həmin məhdudlaşdırıcı hallar tənqid olunub, təkmilləşdirilməsi ilə bağlı Azərbaycan hökumətinə tövsiyyələr verilsə də tövsiyyələrin heç birinə əməl olunmayıb. Qeyd olunan məhdudlaşdırıcı hallara siyasi partiyaların yaradılması və qeydiyyatı üçün uzunmüddətli və çətin prosedurların olması, partiyadaxili strukturların və əməliyyatların həddindən artıq tənzimlənməsi, qeydiyyatdan keçməmiş siyasi partiyaların fəaliyyətinin qadağan olunması, Ədliyyə Nazirliyi tərəfindən həddən artıq nəzarət, ciddi hüquq pozuntusu olmadığı hallarda belə siyasi partiyaların fəaliyyətini dayandırmaq, hətta onu ləğv etmək sələhiyyətləri aiddir. Bu hallar siyasi partiyaların fəaliyyətində ciddi maneələr yaradır və siyasi plüralizmi aradan qaldırır. Ədliyyə Nazirliyinin müstəqil seçki müşahidə təşkilatlarını qeydiyyata almaqdan əsassız imtinası ilə bağlı AİHM bildirib ki, Ədliyyə Nazirliyi cavablarının prosessual düzgünlüyünü və ardıcıllığını qiymətləndirməyib və qanunun müddəaları ilə faktiki halları əsaslandırmayıb, şikayətə baxan məhkəmələr isə Ədliyyə Nazirliyinin arqumentlərini təkrarlamaqla kifayətlənib ( Seçkilərin Monitorinq Mərkəzi və başqaları Azərbaycana qarşı qərarı, bənd 54).
Son bir ildə keçirilən 3 seçki digərlərindən daha məhdudlaşdırıcı şəraitdə və repressiyaların fonunda keçirilib, əvvəlki illərdə olan problemlər daha qabarıq şəkildə davam edib, əhalinin seçkidən iştirak faizində ciddi azalmalar olub.
Avropa İnsan Hüquqları Konvensiyanın 1 saylı protokolunun 3-cü maddəsinin (azad seçki hüququ) pozuntusu ilə bağlı yuxarıda istinad olunan qərarlarla yanaşı daha onlarla qərarı var. Həmin qərarlarda azad seçki hüququnun pozuntusu hesab olunan hallar və onların aradan qaldırılması barəsində Azərbaycan hökümətinə tövsiyyələr qeyd olunsa da, qərarlar hələ icra olunmayıb.
Yuxarıda göstərilən halların hər biri Azərbaycanda seçki prosesində heç bir demokratik institutun mövcud olmadığını və seçkilərin ciddi qanun pozuntusu ilə keçirildiyini göstərir. Rövşən Əsgərovun, Azərbaycanda seçkilərdə bütün demokratik institutların olması ilə bağlı iddiası yalandır.