logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Sahibə Qafarova: Konstitusiyamız dünyanın ən demokratik qanunları ilə müqayisə oluna bilər

Sahibə Qafarova: Konstitusiyamız dünyanın ən demokratik qanunları ilə müqayisə oluna bilər

Xəbərin qısa icmalı

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Konstitusiyamız dünyanın ən demokratik qanunları ilə müqayisə oluna bilər.

Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə qəbul edildikdən sonra ümumilikdə 80 maddəsinə 114 dəyişiklik edilib. Bu dəyişikliklərin əksəriyyəti prezidentin səlahiyyətlərinin genişləndirilməsinə, habelə fərdi hüquq və azadlıqların daha ümumi, qeyri-müəyyən və dövlət müdaxiləsinə açıq formada ifadə olunmasına yönəlib.

-Azərbaycan Konstitusiyası həm hakimiyyət bölgüsü prinsipinin zəifliyi, həm də vətəndaş hüquq və azadlıqlarının qeyri-müəyyən və məhdudlaşdırıcı şəkildə ifadə olunması baxımından dünyanın ən demokratik konstitusiyaları ilə müqayisə oluna bilməz. Əksinə, Prezidentə verilən geniş səlahiyyətlər və digər hakimiyyət qolları üzərində nəzarət imkanları bu sənədi avtoritar meylləri gücləndirən bir sənədə çevirir. Gürcüstan kimi qonşu ölkələrlə müqayisə də göstərir ki, hüquqi tənzimləmələrdə şəffaflıq və azadlıqların qorunması baxımından da ciddi fərqlər mövcuddur. 

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Konstitusiyamız dünyanın ən demokratik qanunları ilə müqayisə oluna bilər. O bu iddianı mayın 8-də Azərbaycan Respublikası Milli Məclisinin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunmuş xüsusi iclası zamanı deyib.

Fakt Yoxla” deputatın iddiasının həqiqətə uyğun olub-olmadığını araşdırıb.

Konstitusiya ölkənin başlıca hüquqi sənədi olmaqla dövlətin quruluşunu, hakimiyyət bölgüsünü və vətəndaşların hüquq və azadlıqlarını müəyyən edən əsas hüquqi çərçivəni formalaşdırır. Ən demokratik konstitusiyalar isə iki əsas prinsipə əsaslanır: 

  1. Vətəndaşların dövlətin fəaliyyətində iştirakı və dövlətin fəaliyyəti üzərində ictimai nəzarəti təmin edən təmsilçilik prinsipi; 
  2. Vətəndaşların hüquqlarının hakimiyyətin sui-istifadəsindən qorunması prinsipi (xüsusilə qanunun aliliyi, söz azadlığı və dini dözümlülük).

Azərbaycan Konstitusiyasının müəyyən etdiyi Prezidentli Respublika formasında Prezident icra hakimiyyətinin rəhbəridir və əsas funksiyaları həyata keçirir, vətəndaşların dövlət idarəçiliyində iştirakı isə əsasən qanunverici hakimiyyət – Milli Məclis vasitəsilə təmin olunur. Qanunverici hakimiyyətin praktiki olaraq müstəqil fəaliyyət göstərməsi demokratik cəmiyyət üçün vacib şərtdir ki, bu da yalnız hakimiyyətlərin balanslı bölgüsü prinsipinə əməl edilməklə mümkün ola bilər. 

Azərbaycan Konstitusiyasında Prezidentin səlahiyyətləri olduqca genişdir. Konstitusiya ona məhdudiyyətsiz sayda seçilə bilmək, Milli Məclisi buraxmaq, Apellyasiya, Ali və Konstitusiya məhkəmələri kimi yüksək instansiya orqanlarının hakimlərini seçib Milli Məclisə təqdim etmək kimi səlahiyyətlər verir.

Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə qəbul edilib. Üç dəfə - 2002-ci, 2009-cu və 2016-cı illərdə Konstitusiyanın mətninə referendum yolu ilə əlavə və dəyişikliklər olub. 

2002-ci ilin avqustunda keçirilən referendumda əsas dəyişiklik seçki sisteminin yarı proporsionaldan tam majoritar sistemə keçməsi oldu. Bu dəyişiklik demokratik institutların zəif olduğu və yeni yarandığı ölkələrdə demokratik təmsilçilik prinsiplərini zəiflədir, siyasi rəqabəti məhdudlaşdırır, parlamentin plüralizmini azaldır və nəticədə Prezident institutunun güclənməsinə daha çox şərait yaradır. Çünki proporsional seçki sistemi partiyaların topladığı səslərə uyğun nisbətdə parlamentdə yer qazanmasını təmin edir, majoritar sistemdə isə hər dairədə ən çox səs alan namizədi qalib hesab edir. 

2009-cu il referendumunda Azərbaycan Respublikasının prezidentinin yalnız 2 ardıcıl müddətə seçilə bilməsi məhdudiyyəti aradan qalxdı (maddə 101, bənd V). Avropa Şurasının Vensesiya Komissiyası Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər layihəsinə rəyində Prezident idarəetməsində hakimiyyətlərin bölgüsü prinsipinin qorunması və səlahiyyətlərin yalnız prezidentin əlində cəmləşməsinin qarşısının alınması üçün prezidentin müəyyən müddət sonra dəyişməsinin zəruri olduğunu bildirib, və qeyd edib ki, Avropada prezidentlik müddətinə məhdudiyyət olmayan yeganə ölkə Belarus Respublikasıdır. 

Konstitusiyaya növbəti dəyişiklik və əlavələr isə 2016-cı ildə edildi. Bu dəyişikliklərdə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər artırıldı, Prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verildi. Ölkənin ikinci şəxsi olan vitse-prezidentin təyinat yolu ilə vəzifəyə gəlməsi, erkən prezident seçkilərinin keçirilməsi, bəzi seçkili və təyinatlı vəzifələrdə yaş məhdudiyyətinin aradan qaldırılması və xüsusi mülkiyyətin sosial öhdəliklər doğurması kimi geniş miqyaslı dəyişikliklər edildi.

Bu dəyişikliklərlə prezidentin səlahiyyətləri əhəmiyyətli dərəcədə genişləndi. Prezident artıq qanunverici orqan olan Milli Məclisi buraxmaq, erkən prezident seçkiləri keçirmək və ölkənin ikinci vəzifəli şəxsi – vitse-prezidenti təyin etmək hüququna malikdir. Əvvəldən mövcud olan geniş səlahiyyətləri də nəzərə alındıqda, Azərbaycanda prezident digər hakimiyyət qolları üzərində real üstünlüyə malikdir.

Venesiya Komissiyası bu dəyişikliklərin prezidentin onsuz da güclü olan mövqeyini daha da möhkəmləndirəcəyini və hakimiyyət bölgüsü prinsipini pozacağını vurğulayıb. Komissiya həmçinin vitse-prezident təyinatlarının seçkili olmaması və prezidentin erkən seçkilər keçirmək səlahiyyəti ilə bağlı narahatlıq ifadə edib. Rəydə bu dəyişikliklərin parlamentin müstəqilliyini və məhkəmə hakimiyyətinin balanslaşdırıcı rolunu zəiflədə biləcəyi barədə xəbərdarlıq da yer alır.

Bundan başqa, 2016-cı il dəyişiklikləri çərçivəsində bəzi yüksək vəzifələr üçün yaş məhdudiyyətləri aradan qaldırıldı. Bu məhdudiyyətin ləğvi zahirən müsbət hal kimi görünə bilər, lakin bu, təcrübə, məsuliyyət və idarəetmə bacarığının formalaşması üçün müəyyənləşdirilən şərtdir. Onun aradan qaldırılması hakimiyyətin daha rahat şəkildə ötürülməsi və ya ailədaxili varisliyin təmin olunması üçün hüquqi zəmin yarada bilər. Venesiya Komissiyası da bu dəyişikliklərin hüquqi əsaslandırmasının yetərsiz olduğunu qeyd edib. 

Konstitusiyada edilmiş digər mühüm dəyişikliklərdən biri isə xüsusi mülkiyyətin sosial öhdəlik daşıması prinsipinin əlavə olunması idi. Konstitusiyanın 29-cu maddəsinə edilən əlavəyə görə, mülkiyyət hüququ həyata keçirilərkən ictimai rifah və dövlət maraqları nəzərə alınmalıdır. Bu müddəanın geniş və qeyri-müəyyən ifadə olunması onun sui-istifadə potensialını artırır. Müəyyən edilməyən “ictimai rifah” anlayışı vasitəsilə dövlət mülkiyyət hüququna müdaxiləni əsaslandıra bilər ki, bu da hüquqi müdafiəni zəiflədir.

Vətəndaş hüquqlarına gəldikdə isə, Azərbaycan Konstitusiyasını dünyanın ən demokratik ölkələri hesab olunan ölkələrlə yox, elə Azərbaycanın qonşuluğunda yerləşən və post-sovet ölkəsi olan Gürcüstanın Konstitusiyası ilə müqayisə edək. Azərbaycan Konstitusiyasının 47-ci maddəsində ümumi olaraq ifadə azadlığı, 50-ci maddəsində isə məlumat azadlığı hüququ təsbit olunsa da, bu maddələr sonradan daha spesifik qanunların qəbulu ilə məhdudlaşdırıla biləcək şəkildə müəyyən olunub. Misal üçün 47-ci maddənin 3-cü bəndində “hər hansı digər meyarlara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir” qeyd olunub. Burda istifadə olunan “digər meyarlar” ifadəsi gələcəkdə ifadə azadlığına tətbiq oluna biləcək məhdudiyyətlərin dairəsini olduqca qeyri-müəyyən edir. Halbuki, Gürcüstan Konstitusiyası tərəfdar olduğumuz Avropa İnsan Hüquqları Konvensiyasına uyğun şəkildə ifadə azadlığını müəyyən edib və aydın tənzimləmə ilə məhdudiyyət səlahiyyətlərini minimuma endirib. Media və senzura haqqında geniş müddəaları, həmçinin internetdən məhdudiyyətsiz istifadə hüququnu da Gürcüstan Konstitusiyasında görə bilərik (maddə 17). Daha sonra, Sərbəst toplaşmaq hüququ nəzərdə tutur ki, Azərbaycan Konstitusiyasında hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ var (maddə 49). Gürcüstan Konstitusiyası isə xüsusi vurğulayır ki, hər kəsin əvvəlcədən icazə almadan açıq və silahsız toplaşmaq hüququ var, xəbərdar etmək məsələsi isə yalnız o halda tələb olunur ki,  ictimai yolda keçirilən toplantılar qanunvericilik orqanlarının əvvəlcədən xəbərdar edilməsini tələb edə bilər. Bu fərqlərdən görünən odur ki, Gürcüstan Konstitusiyası demokratik prinsiplərə Azərbaycan Konstitusiyasından daha uyğundur.  Bu hüquqların sırasına siyasi partiyalar, qeyri-hökümət təşkilarları kimi digər hüquqları da əlavə edə bilərik. Hər biri haqqında Venesiya Komissiyasının geniş rəyləri var, həmin rəylərdə qurum Azərbaycanı bu hüquqları demokratik prinsiplərə uyğunlaşdırmağa çağırır. 

Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə qəbul edildikdən sonra ümumilikdə 80 maddəsinə 114 dəyişiklik edilib. Bu dəyişikliklərin əksəriyyəti prezidentin səlahiyyətlərinin genişləndirilməsinə, habelə fərdi hüquq və azadlıqların daha ümumi, qeyri-müəyyən və dövlət müdaxiləsinə açıq formada ifadə olunmasına yönəlib.

Konstitusiyanın 3 referendumdan qabaq, 1995-ci ildə qəbul edilmiş ilkin mətninə əsasən, prezident yalnız iki dəfə ardıcıl seçilə bilərdi, səlahiyyət müddəti 5 il idi, seçki sistemi isə qarışıq – yarı majoritar idi. Prezidentin Milli Məclisi buraxmaq və ya erkən prezident seçkiləri təyin etmək səlahiyyəti mövcud deyildi.

Son 30 il ərzində edilən dəyişikliklər nəticəsində prezidentin səlahiyyətləri nəzərəçarpacaq dərəcədə genişlənib və Konstitusiyanın ilkin variantında nəzərdə tutulan demokratik prinsiplər zəiflədilib. Bu dəyişikliklər prezidentin digər hakimiyyət qolları – qanunverici və məhkəmə hakimiyyəti üzərində real təsir və nəzarət imkanlarını artırıb. Nəticədə, Konstitusiya balanslı hakimiyyət bölgüsü prinsipindən uzaqlaşaraq avtoritar idarəetməyə daha uyğun bir sənədə çevrilib.

Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Azərbaycan Konstitusiyası həm hakimiyyət bölgüsü prinsipinin zəifliyi, həm də vətəndaş hüquq və azadlıqlarının qeyri-müəyyən və məhdudlaşdırıcı şəkildə ifadə olunması baxımından dünyanın ən demokratik konstitusiyaları ilə müqayisə oluna bilməz. Əksinə, Prezidentə verilən geniş səlahiyyətlər və digər hakimiyyət qolları üzərində nəzarət imkanları bu sənədi avtoritar meylləri gücləndirən bir sənədə çevirir. Gürcüstan kimi qonşu ölkələrlə müqayisə də göstərir ki, hüquqi tənzimləmələrdə şəffaflıq və azadlıqların qorunması baxımından da ciddi fərqlər mövcuddur. 

Bu səbəbdən, Milli Məclisin sədri Sahibə Qafarovanın “Konstitusiyamız dünyanın ən demokratik qanunları ilə müqayisə oluna bilər” fikri yalandır.

Yalan
  • 11 İyun, 2025
  • 102

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə