logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Sahibə Qafarova: Xalqımız demokratiya, ədalət və qanunun aliliyi yolu ilə inamla addımlayıb

Sahibə Qafarova: Xalqımız demokratiya, ədalət və qanunun aliliyi yolu ilə inamla addımlayıb

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında deyib ki, ötən dövrdə xalqımız konstitusiyada bəyan edilən demokratiya, ədalət və qanunun aliliyi yolu ilə inamla addımlayıb. 

Fakt Yoxla” bu iddianın nə dərəcədə əsaslı olduğunu, son illərdə Azərbaycanda bu prinsiplərin necə tətbiq edildiyini təhlil edib. 

Demokratiya ümumilikdə dövləti (prezident və parlament) yaxud bir bölgəni (bələdiyyə) idarə edən şəxslərin azad və ədalətli seçkilər yolu seçildiyi sistemdir. Bir ölkədə demokratiyanın mövcud olub-olmadığını bilmək üçün ölkədə keçirilən seçki proseslərinin şəffaflığı və seçki institutlarının inkişafına nəzər salmaq lazımdır. 

Azərbaycanda 2024-2025-ci ildə keçirilən növbədənkənar prezident, parlament və bələdiyyə seçkiləri ilə bağlı yerli və beynəlxalq təşkilatların hesabatları ölkədəki seçki mühiti ilə bağlı vəziyyəti ətraflı şərh edib. ATƏT-in Parlament Assambleyası 7 fevral 2024-cü il növbədənkənar prezident seçkiləri və 1 sentyabr 2024-cü il növbədənkənar parlament seçkiləri barəsində bəyanatlarına seçki prosesinin həqiqi pluralizmə şərait yaratmayan və rəqəbatdən məhrum mühitdə, məhdudlaşdırıcı siyasi və hüquqi çərçivədə keçirildiyini bəyan etməklə başlayıb. Bəyanatlarda tövsiyyə və iradlar genişdir, onlardan bir qismi aşağıdakılardan ibarətdir:

  • Birləşmək azadlığı qanunvericiliklə kifayət qədər qorunmur və bu da birbaşa siyasi partiyaların fəaliyyətini məhdudlaşdırır. Üstəlik, 2022-ci ildə qəbul edilən “Siyasi partiyalar haqqında” Qanunla bu məhdudiyyətlər daha da dərinləşib. Bu qanunun qəbulundan sonra Azərbaycanda qeydiyyatda olan siyasi partiyaların sayı 59-dan 26-a düşüb;
  • Seçki Məcəlləsinə 2020 və 2023-cü ildə texniki dəyişikliklər olsa da, bunlardan heç biri DTİHB və Venesiya Komissiyasının əvvəlki tövsiyələrini və ya Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) çıxardığı qərarları əhatə etmir; 
  • Media haqqında qanun media qurumlarının reyestrini və onların yaradılmasına dair məhdudlaşdırıcı tələbləri, jurnalistlərin qeydiyyatdan keçmə şərtlərini və xaricdən maliyyələşməsini qadağan edir ki, bu hallar da ifadə və birləşmək azadlığına müdaxilə hesab olunur;

Üstəlik, demokratiyanı dəstəkləyən beynəlxalq hökumətlərarası təşkilat olan “İDEA”nın 2024-cü üzrə demokratiya indeksində Azərbaycan 170 ölkə arasında 154-cü olub. Təşkilat Azərbaycanda son illərdə demokratiya ilə bağlı vəziyyətin kəskin pisləşməsinə dair ətraflı hesabat hazırlayıb.

“Fakt Yoxla” yaxın dövrdə Azərbaycanda seçki institutları haqqında araşdırmasında seçki institutları ilə bağlı əsas məsələlər geniş təhlil olunaraq Azərbaycanda demokratik seçki institutlarının olmadığı qənaətinə gəlib.

Ədalət prinsipinə gəldikdə isə, ədalət hüquqi dövlətin əsas anlayışlarındandır və onun birbaşa göstəricisi insan haqlarının təminatıdır. Azərbaycanda seçki, birləşmək və media azadlığının son illərdə gəldiyi vəziyyət barəsində yuxarıda ümumi məlumat verilib. Lakin insan hüquqlarının vəziyyəti bununla məhdudlaşmır. Bu hüquqa işgəncə və pis rəftara məruz qalmamaq, ədalətli məhkəmə araşdırması, din, vicdan azadlığı kimi təməl haqlar da aiddir.

İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi (CPT) 2022-ci ildə Azərbaycana səfərinin nəticəsi ilə bağlı dərc etdiyi hesabatında 2020-ci ildən bəri vəziyyətin dəyişmədiyini, Daxili İşlər Nazirliyi tərəfindən tövsiyyələrə əməl olunmadığını bildirib. Onlar polis tərəfindən geniş yayılan işgəncə və zorakılığın tətbiqini ciddi şəkildə dayandırmağa çağırıb. Səfər zamanı istintaq təcridxanaları, cəzaçəkmə müəssisələri və polis idarələrinə baş çəkilib. Komitənin hesabatında polis əməkdaşlarının saxta sübutlar yerləşdirməsi, ittihamların ləğvi və ya yüngülləşdirilməsi üçün rüşvət tələb etməsi, fiziki zorakılıq, şifahi təhqirlərin adi hal olması barədə də məlumat verilib. Mediada vaxtaşırı olaraq həbsdə saxlanılan şəxslər və məhkumların bu barədə şikayətlərindən bu halların davam etdiyi görünür. Lakin bu hala görə araşdırılma aparılması, təqsirli şəxslərin cəzalandırılması barəsində hər hansı məlumat yoxdur. 

Qanunun aliliyi o deməkdir ki, ölkədə hər şey qanunla idarə olunur və heç kim – nə adi vətəndaş, nə də dövlət məmuru – qanundan üstün deyil. Hər kəs, istisnasız olaraq, qanuna tabe olmalı və qanun qarşısında bərabər olmalıdır. Dünya Bankının “Worldwide Governance Indicators” layihəsi çərçivəsində təqdim etdiyi “Rule of Law” göstəricisinə əsasən, 2023-cü ildə Azərbaycanın göstəricisi -0,57 olub. Bu, 2022-ci ildəki -0,63-dən bir qədər yaxşı göstərici olsa da, 1996-cı ildən bəri göstəricilər ümumilikdə mənfi zonada qalır və dünya üzrə orta göstərici olan -0,04-dən xeyli aşağıdır. Bu da qanunun aliliyi sahəsində real və sistemli irəliləyiş olmadığını göstərir. Beynəlxalq Mülkiyyət Hüququ Alynası statistikasında Azərbaycanda qanunun aliliyini 10 bal şkalasında 3,751 balla qiymətləndirib bu da 2023-cü ildən azdır. Azərbaycanın göstəricisi 2023-cü ildə 3.830 bal, 2022-ci il göstərici 3.618 bal, 2021-ci il 3.845, 2020-ci il isə 3.800 bal olub. Azərbaycan həmin statistika üzrə heç vaxt 4 bala çata bilməyib.

Üstəlik, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 2024-cü il üzrə rəsmi statistikasına əsasən, Azərbaycanla bağlı çıxarılan 39 qərardan 38-də insan hüquqları pozuntusu qeydə alınıb. Ən çox pozulan hüquqlar sırasında ədalətli məhkəmə araşdırması (20 hal), mülkiyyət hüququ (8 hal) və işgəncəyə məruz qalmamaq hüququ (6 hal) yer alır. Bu qərarlar həm qanunun aliliyinin pozulduğunu, həm də müstəqil və ədalətli məhkəmə sisteminin olmadığını göstərir.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Sahibə Qafarovanın bəyan etdiyi kimi “demokratiya, ədalət və qanunun aliliyi yolu ilə inamla irəliləmə” fikri rəsmi ritorikanı əks etdirsə də, yuxarıda göstərilən faktlar və beynəlxalq müşahidəçilərin hesabatları, nüfuzlu təşkilatların statistikası bu iddianın reallıqla ciddi şəkildə ziddiyyət təşkil etdiyini, son illərdə vəziyyətin əvvəlki illərə nisbətən daha da pisləşdiyini göstərir. Seçki institutlarının zəifliyi, müstəqil məhkəmələrin olmaması, ifadə və toplaşma azadlığının məhdudlaşdırılması, insan haqlarına dair problemlər, qanunların tətbiqindəki çatışmazlıqlar hüquqi dövlətin təməl prinsiplərinin praktikada təmin olunmadığını nümayiş etdirir. 

Analiz
  • 15 İyul, 2025
  • 65

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə