Deputat Zahid Oruc iddia edib ki, “İnsan Alverinə Qarşı Fəaliyyət üzrə Ekspertlər Qrupu” (GRETA) son hesabatında Azərbaycanla bağlı müsbət təcrübələri önə çəkir.
“GRETA-nın hesabatında ölkəmizlə bağlı irəliləyişlər, müsbət təcrübələr vurğulanır. Azərbaycan üzrə onlarla dövlət və qeyri-hökümət təşkilatlarının insan alveri üzrə datanın toplanması, təhlili, qarşısının alınması üçün səmərəli və innovativ proqramların, gələcək siyasət tədbirlərinin planlaşdırılması xüsusi qeyd edilir”, - deyə deputat parlamentdə keçirilən iclasda deyib.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
Millət vəkili Zahid Orucun iddiasında istinad etdiyi hesabat GRETA-nın 2023-cü il Azərbaycan üzrə üçüncü qiymətləndirmə hesabatıdır (GRETA(2023)06).
Hesabatda həqiqətən də müəyyən irəliləyişlər və müsbət dəyişikliklər vurğulanır. Məsələn:
- Qanunvericilik və nsiyasət sahəsində yenilənmələr (yeni Milli Fəaliyyət Planı, hüquqi dəyişikliklər);
- İnsan alveri ilə bağlı məhkəmə qərarlarının sayında artım və şərti cəzaların azalması;
- Psixoloji yardımın təmin olunması və xarici qurbanlara yaşamaq və işləmək hüququnun tanınması;
- Yardım mərkəzlərinə ayrılan büdcə vəsaitinin artırılması;
- Standart Əməliyyat Prosedurlarının qəbul edilməsi;
- Uşaq hüquqları ilə bağlı strategiya və planların təsdiqi;
Bununla belə, hesabatda əsas vurğu tənqidi məqamlar üzərindədir, halbuki, deputat öz açıqlamasında bu məqamlara toxunmayıb. GRETA aşağıdakı ciddi problemləri önə çəkir:
- Əmək istismarı hallarının effektiv araşdırılmaması;
- Qurbanlara hüquqi yardımın zəif təşkili;
- QHT-lərin fəaliyyət imkanlarının məhdudlaşdırılması;
- Qurbanların kompensasiya alma imkanlarının olmaması;
- Uşaq qurbanlarla bağlı preventiv tədbirlərin kifayət etməməsi;
Deputatın istinad etdiyi “onlarla dövlət və qeyri-hökumət təşkilatının səmərəli və innovativ proqramları” barədə hesabatda konkret qeyd yoxdur. Əksinə, sənəddə vətəndaş cəmiyyətinin imkanlarının məhdudlaşdırılması ilə bağlı narahatlıq ifadə olunur və QHT-lərin prosesə daha geniş şəkildə cəlb edilməsinin vacibliyi vurğulanır.
Beləliklə, hesabatda bəzi müsbət addımlar qeyd edilsə də, ümumi qiymətləndirmə sistemli problemlərə və çatışmazlıqlara yönəlib. Xüsusilə, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq sahəsində ciddi geriləmələr ön plana çıxır.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Zahid Orucun iddiası əsasən yanlışdır.