logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Məşhur Məmmədov: “Şəhid ailələri və müharibə əlilləri orta hesabla ayda 700 manat sosial ödəniş alırlar”

Məşhur Məmmədov: “Şəhid ailələri və müharibə əlilləri orta hesabla ayda 700 manat sosial ödəniş alırlar”

“Şəhid ailələri və müharibə əlilləri birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar”. 

Bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

“Fakt Yoxla” deputatın fikirlərinin doğruluğunu araşdırıb.

DSK-nın 2020-ci ilin əvvəlinə olan məlumatına görə, Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil olmuş 15261 şəxs var. 3312 şəxs isə hərbi xidmət zamanı əlil olub. Eyni tarixə statistikada 11904 şəhid ailəsi qeydə alınıb. II Qarabağ Müharibəsində şəhidlik statusu alan 2841 nəfəri də nəzərə alsaq, hazırda bu rəqəm təxminən 15000-ə yaxındır. Lakin araşdırmada II Qarabağ müharibəsi nəzərə alınmayacaq.

Sığorta ödənişləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbovun açıqlamasına görə, şəhid ailələrinə 11 min manat sığorta ödənişi verilir. Birdəfəlik sığorta ödənişi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 4-cü maddəsinə uyğun olaraq verilir. O cümlədən prezidentin 19 aprel 2018-ci ildə imzaladığı fərmana əsasən 1997-ci il avqustun 2-dək şəhid olmuş və ya itkin düşmüş şəxslərin vərəsələrinə 11 min manat birdəfəlik ödəniş edilməsi qərara alınıb. 

2019-cu ilin yanvarında isə daha öncə 3 minə yaxın şəhid ailəsinin birdəfəlik ödəməni aşağı məbləğdə almış olması və digər səbəblərdən yeni fərman imzalanıb. Bu fərmana əsasən siyahıya daha 2725 nəfər əlavə edilib. Onlardan 460 nəfəri daxili işlər orqanlarının əməkdaşları olub. Ümumilikdə 12268 şəhid vərəsələri üçün 135 milyon manat nəzərdə tutulub. 2019-cu ilin sonuna olan məlumata görə, bu siyahı üzrə 11740 şəhid üçün birdəfəlik ödənişlər verilib.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda müharibə əlilliyi olan şəxslər üçün də sığorta ödənişləri nəzərdə tutulub. 2006-cı ildən etibarən müharibə əlillərinə sığorta ödənişləri I qrup üzrə 8800 manat (80%), II qrupa 6600 manat (60%), III qrupa isə 4400 manat (40%) təyin olunub. Avropa İttifaqı tərəfindən dəstəklənən İqtisadi və Sosial İnkişaf Mərkəzi layihəsinin 2016-cı ilə aid araşdırmasına görə, 2006-cı ilədək müharibə şəraitində əlilliklə nəticələnmiş hallarla bağlı sığorta pulları tam alına bilməyib. Bununla bağlı 500-dən çox məhkəmə qərarı verilsə də, icra edilməyib. 2006-cı ildən əvvəlki dövrdə əlil olanların sığorta pulları müvafiq qaydada indeksləşdirilməyib.

Şəhid ailələrinə sosial ödənişlər

Şəhidin 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşına) çatmamış uşaqlarına aylıq 21 manat məbləğində sosial müavinət verilir. 

Şəhid ailələri üçün prezident təqaüdü 300 manat (2021-ci il yanvarın 1-ə kimi) müəyyən edilib.

DSK-nın 2020-ci ilin əvvəlinə olan məlumatına görə, 11904 şəhid ailəsi adambaşına düşən aylıq məbləğ 256,19 manat olmaqla prezident təqaüdü alıb.

Müharibə əlillərinə sosial ödənişlər

Müharibə əlilləri aşağıdakı 3 müxtəlif növ müavinət almaq hüququna malikdir:

Sosial müavinətlərin məbləğinin artırılması haqqında” prezident fərmanına əsasən müharibə əlillərinin 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) çatmamış uşaqlarına aylıq 15 manat məbləğində sosial müavinət verilir; 

Müharibə əlilləri üçün prezident təqaüdü qruplar üzrə müvafiq olaraq 250, 230, 210 manat  müəyyən edilmişdi (2021-ci il yanvarın 1-ə kimi);

Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmana uyğun olaraq müharibə əlillərinə qruplar üzrə 150, 130 və 110 manat müavinət ödənilir.

Əgər müharibə əlili olan şəxsin əlilliyə görə əmək pensiyası hüququ yaranmayıbsa, onların yalnız yuxarıda qeyd olunan məbləğlərdə sosial müavinətləri almaq hüququ vardır. Pensiyalar nəzərə alınmazsa, ən azı 1 övladı olan müharibə əlillərinin aldığı müavinətlərin aylıq məbləği qruplar üzrə 415, 375 və 335 manat təşkil edib (2021-ci il yanvarın 1-ə kimi).

DSK-nın 2020-ci ilin əvvəlinə olan məlumatına görə, Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil olmuş 15261 şəxsə adambaşına düşən aylıq məbləğ 228,30 manat, hərbi xidmət dövründə əlil olmuş 3312 şəxsə isə adambaşına düşən aylıq məbləğ 227,75 manat olmaqla prezident təqaüdləri verilib.

Lakin “Əmək pensiyaları haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, hərbi qulluqçulara müharibə ilə əlaqədar 1-ci qrup əlillik təyin edildikdə, xidmət illərindən asılı olmayaraq minimum pensiya məbləğindən (200 manat) aşağı olmayan əmək pensiyası təyin edilir. Digər qruplardan (2-ci və 3-cü qruplar) olan müharibə əlillərinin pensiya hüququ qazanması yalnız o halda baş verir ki, əlillik baş verənədək onların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan versin.

Əmək pensiyası alan Qarabağ müharibəsi əlillərinə həm də müharibə iştirakçısı kimi əmək pensiyasının əlavəsi əvəzinə 80 manat prezident təqaüdü verilir. Həmçinin hərbi xidməti dövründə keçirdiyi xəstəlik və hərbi əməliyyatlar zamanı I qrup əlil olmuş şəxslərə də 100 manat (2019-cu il aprelin 1-dən) prezident təqaüdü təyin edilir.

Rəsmi statistika ayrıca olaraq ölkənin ərazi bütovlüyü uğrunda əlil olmuş şəxslərə verilən pensiyanın orta məbləği haqda məlumat verməsə də, ümumi olaraq əlillik pensiyalarının məbləğinə dair göstəriciləri açıqlayır. DSK-nın son məlumatına görə, ümumilikdə 383993 əlil pensiya alır. 2019-cu ilin oktyabrın 1-dən etibarən ölkədə minimum pensiyanın 200 manat, pensiya alan əlillər üçün orta məbləğin 229,7 manat olduğu məlumdur. 

Beləliklə, əgər müharibə əlilləri minimum pensiya alırsa, əmək pensiyalarına əlavələr daxil olmaqla, onların bütün müavinət və təqaüdləri ilə birlikdə sosial ödənişlərin məbləği qruplar üzrə 695, 455 və 415 manat təşkil edir. Onların pensiyası əlillik üzrə orta pensiya məbləğinə uyğun olduqda isə, bu məbləğlər qruplar üzrə 724,7, 484,7 və 444,7 manat təşkil edib.

Göründüyü kimi, deputatın açıqlamasına qədərki dövrdə yalnız 1-ci qrup müharibə əlillərinin aylıq sosial ödənişləri 700 manat ətrafında olub. 2 və 3-cü qrup müharibə əlillərinin aylıq sosial ödənişlərinin məbləği isə hətta pensiya hüququ qazandıqları halda qeyd olunan məbləğdən müvafiq olaraq 31% və 36,5% az olub.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputatın iddiası yanlışdır. 

Qeyd: Prezidentin imzaladığı son fərmanlara əsasən isə şəhid ailələri və 20 Yanvar şəhidlərinin ailələrinə prezident təqaüdünün məbləği 66,7% artırılaraq 300 manatdan 500 manata çatdırılıb.

Eyni fərmanla müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bərabər tutulanlar (hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər) üçün prezident təqaüdünün məbləği aşağıdakı kimi artırılıb:

I qrup üçün 250 manatdan 400 manata,

II qrup üçün 230 manatdan 350 manata,

III qrup üçün 210 manatdan 300 manata. 

“yap.org.az”, Məşhur Məmmədovun açıqlaması

“anl.az”, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədrinin açıqlaması

“mod.gov.az”, II Qarabağ Müharibəsi şəhidlərinin sayı

 “azadliq.org”, Fazil Talıbovun açıqlaması

“e-qanun.az”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun

“report.az”, Şəhid olmuş və itkin düşmüş şəxslərin ailələrinə 11 min manat ödənilməsi ilə bağlı

“president.az”, 11 min manat sığorta ödənişi ilə bağlı ikinci Fərman üçün prezidentin açıqlaması

“report.az”, 11 min manat sığorta ödəniləcək şəhidlərin sayı ilə bağlı

“sosial.gov.az”, 2019-un sonunda sığorta ödənişi olunmuş şəhidlərin sayı

“cesd.az”, İqtisadi və Sosial İnkişaf Mərkəzinin əlillərlə bağlı araşdırması

“sosial.gov.az”, Təqaüdlərin verilməsi

“sosial.gov.az”, Müavinətlərin verilməsi

“e-qanun.az”, Şəhid ailələri üçün prezident təqaüdü

“e-qanun.az”, Müharibə əlilləri üçün prezident təqaüdləri

“stat.gov.az”, Prezident təqaüdləri barədə statistika

“sosial.gov.az”, ƏƏSMN-də əlilliyə görə əmək pensiyası barədə

“e-qanun.az”, “Əmək pensiyaları haqqında” Qanun

“stat.gov.az”, Pensiyaçıların sayı

“stat.gov.az”, Minimum pensiya məbləği

“stat.gov.az”, Pensiya alan əlillər üçün orta məbləğ

"sosial.gov.az”, Sonuncu qərarlar barədə

Yanlış
  • 14 Yanvar, 2021
  • 401

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə