Milli Məclisin deputatı Aqil Abbas Türkiyə əhalisinin 30 faizinin İstanbulda yaşadığını iddia edib. O Azərbaycanda əhalinin rayonlardan Bakıya axın etməsi ilə bağlı danışarkən bu iddianı irəli sürüb. “İnsanlar təhsil, iş imkanları və infrastruktur baxımından güclü olan böyük şəhərlərdə yaşamağa üstünlük verirlər. Məsələn, Türkiyədə əhalinin 30 faizi İstanbula axışır”, – deyə o, Oxu.az saytına verdiyi müsahibədə deyib.
İddianı səsləndirən deputat regional bərabərsizlik, mərkəzləşmə və urbanizasiya problemlərini vurğulamaq istəsə də, istinad etdiyi statistikanın düzgünlüyü ictimai diskussiyanın sağlam aparılması baxımından vacibdir.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
2025-ci il üzrə rəsmi mənbələrə (TÜİK – Türkiyə Statistika Qurumu və İstanbul Valiliyi) əsasən Türkiyənin ümumi əhalisi təxminən 86 milyon nəfərdir. Türkiyənin ən böyük və əhalinin ən sıx məskunlaşdığı şəhəri olan İstanbulda hazırda təxminən 16 milyon insan yaşayır. İstanbul valiliyinin açıqladığı məlumata görə, bu, ümumi Türkiyə əhalisinin 18,5 %-i təşkil edir.
İstanbulun 2025-ci ildəki təxminən 16 milyon nəfərlik əhalisi Ankara (təxminən 6 milyon) və İzmir (təxminən 4.5 milyon) kimi böyük şəhərlərin əhalisindən dəfələrlə çox olsa da, ümumi əhalinin 30 faizindən xeyli azdır.
İstanbulda məskunlaşma 1980-ci illərdən bəri sürətlə artsa da, son illərdə son illərdə məskunlaşmanın sürəti yavaşlayıb. Bəzi illərdə miqrasiya balansı mənfi olub — yəni şəhəri tərk edənlərin sayı gələnlərdən çox olub. Bunun səbəbi kimi yüksək yaşam xərcləri, trafik və sıxlıq göstərilir.
Əhali sayı ilə bağlı göstəricilər İstanbulun liderliyini təsdiqləsə də, ümumi əhali ilə nisbətdə 30 faizlik pay gerçəkliyə uyğun deyil.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən Aqil Abbasın İstanbul əhalisi ilə bağlı iddiası yanlışdır.