“Oxu.az”, “baku.tv” “islamazeri.com”, “axar.az”, “globalinfo.az”, “gununsesi.info”, “manset.az”, “sherg.az” və digər saytlar ABŞ Prezidenti Co Baydenin israilli həmkarı İsaak Hersoqla görüşü zamanı yuxulaması barədə xəbərlər yayıb. Video sosial şəbəkədə də paylaşılıb.
Skrinşot “Baku Tv”nin “YouTube” kanalından götürülüb.
“Fakt Yoxla” iddiaların doğru olub-olmadığını yoxlayıb.
Dövlət başçıları arasında görüş 18 iyul 2023-cü ildə Ağ Evdə keçirilib. Ağ Evin mətbuat xidməti bildirir ki, görüş zamanı qarşılıqlı maraq doğuran əsas məsələlər müzakirə olunub.
C-SPAN xidməti görüşün videosunu, Ağ Ev isə stenoqramını yayıb.
Sosial şəbəkə və saytlarda paylaşılan görüntülərdə Baydenin danışan zaman qısa müddətdə dayandığı, aşağı baxdığı və sonradan yenidən danışmağa davam etdiyi görünür. Ancaq “C-SPAN”-ın görüşdən paylaşdığı videodan aydın olur ki, həmin görüntülər qısaldılıb və Baydenin qeydləri olan kağızı ayağının üzərinə qoyması (00:33) həmin videodan çıxarılıb. Baydenin çıxışı boyunca tez-tez qeydlərinə baxdığı görünür. “CBS” kanalının “YouTube”da paylaşdığı videoda da Baydenin əvvəlcə qeydləri ayağının üzərinə qoyduğu və tez-tez kağıza baxdığı görünür.
Skrinşot C-SPAN xidmətinin saytından götürülüb.
Görüş zamanı çəkilən müxtəlif fotolarda (Foto1, Foto2, Foto3) Baydenin ayağının üzərindəki kağızı aydın görmək mümkündür.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Baydenin İsrail Prezidenti ilə görüş zamanı yuxulaması xəbərləri saxtadır.