logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Finlandiyada seçkilərdə Adlof Hitler namizəd kimi irəli sürülüb

Saxta xəbər: Finlandiyada seçkilərdə Adlof Hitler namizəd kimi irəli sürülüb

Xəbərin qısa icmalı

Səs qəzetinin dərc etdiyi xəbərdə iddia olunub ki, Finlandiyanın Kanta-Hame əyalətində keçirilən seçkilərdə Adolf Hitler namizəd kimi irəli sürülüb.

- Seçkiyə Hitler adlı real namizəd daxil edilməyib, plakatlar isə qanunsuz, təxribat xarakterli və saxta materiallardır. Plakatlar real siyasi prosesin deyil, neonasist ideologiyanın simvolik təbliğatının nümunəsidir.

Səs qəzetinin dərc etdiyi xəbərdə iddia olunub ki, Finlandiyanın Kanta-Hame əyalətində keçirilən seçkilərdə Adolf Hitler namizəd kimi irəli sürülüb. İddiaya görə, Finlandiyanın YLE nəşri qeyd edir: “Onlar vətəndaşları nasist lideri Adolf Hitlerə səs verməyə çağırıblar. Seçim düzgün olsa, ölkəmiz güclü olar və əhalimiz daha yaxşı və firavan yaşayır qazanar. Vərəqələrdə onun nömrəsi 88-dir. Neonasist simvolizmində bu rəqəm nasistlərin “Heil Hitler” salamına istinad edir”. Xəbərdə deyilir ki, əhali “Adolf Hitlerə səs ver” çağırışlarına müsbət yanaşır.

Fakt Yoxla” bu xəbərin doğru olub-olmadığını yoxlayıb. 

Finlandiyada keçirilən bələdiyyə seçkiləri öncəsi Hattula bələdiyyəsində yerləşdirilən saxta seçki elanlarından birində Adolf Hitler “namizəd” kimi təqdim olunub. Elanlarda qeyd olunan "namizəd nömrəsi" 88, partiyanın adı isə “Hattula Milli Sosialist İşçi Partiyası” göstərilib. 88 rəqəmi neonasist simvolizmində “Heil Hitler” salamına istinad edir: H hərfi latın əlifbasında səkkizinci yerdə olduğu üçün HH abreviaturası bu rəqəmlə simvolizə edilir. Finlandiyanın Hame Polis İdarəsi məsələ ilə bağlı seçki cinayəti maddəsi ilə cinayət işi başladıb. Polisin açıqlamasına görə, hazırda istintaq dayandırılıb, lakin yeni məlumatlar daxil olarsa, araşdırma davam etdirilə bilər.

Finlandiyanın ictimai yayım qurumu olan YLE (Yleisradio) hadisə ilə bağlı yayımladığı məqalədə “əhalinin müsbət yanaşması” və təqdim olunan sitat yer almır. Əksinə, YLE hadisənin provokativ xarakter daşıdığını və hüquq-mühafizə orqanlarının araşdırma apardığını vurğulayır.

Yayılan iddiada həm Adolf Hitlerin seçkilərdə namizəd olması barədə faktlar təhrif edilib, həm də YLE nəşrindən saxta sitat təqdim olunub. Həqiqətdə isə seçkiyə Hitler adlı real namizəd daxil edilməyib, plakatlar isə qanunsuz, təxribat xarakterli və saxta materiallardır. Plakatlar real siyasi prosesin deyil, neonasist ideologiyanın simvolik təbliğatının nümunəsidir.

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, xəbər saxtadır

Saxta xəbər
  • 7 May, 2025
  • 66

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə