Son dövrlər sosial mediada Harvard Universiteti və ABŞ Təhsil Nazirliyi arasındakı gərginliyə dair iddialar Azərbaycan mediasında da öz əksini tapıb. Mayın 8-də “Globalinfo.az” saytında dərc edilən “Rektor naziri biabır etdi” başlıqlı xəbərdə Harvard rəhbərinin amerikalı nazirin məktubuna orfoqrafik düzəliş edərək geri göndərdiyi iddia olunub.
“Fakt Yoxla” xəbərin doğru olub-olmadığını yoxlayıb.
ABŞ Təhsil Nazirliyi və Harvard Universiteti arasındakı gərginlik 2025-ci ilin aprel ayından vüsət alıb. Belə ki, universitet nazirliyin dövlət nəzarəti tələblərindən imtina etdikdən sonra Ağ Evin maliyyə yardımını itirmək təhlükəsi ilə üzləşib.
ABŞ-nin təhsil naziri Linda Mak Mahon mayın 6-da Harvard Universitetinə göndərdiyi məktubu ictimai şəkildə öz rəsmi “X” hesabında paylaşıb. Məktubda universitetin büdcə idarəçiliyi və tələbə kontingenti tənqid edilərək müəssisəyə federal dəstəyin dayandırılması ifadə olunub.
Skrinşot Linda McMahonun “X” hesabından götürülüb
Harvard rəhbərlyi isə həmin müddət ərzində məktuba cavab bildirməsə də, nazirin paylaşımına rəy verən “@danielluo_pi” adlı istifadəçi mətnin üzərində orfoqrafik dəyişikliklər edərək ironiya məqsədilə “Bizim “təhsil” nazirimiz” başlığı ilə fotonu dərc edib. Təsvirdə yazı xətaları və o cümlədən, qrammatik qüsurlar göstərilib.
Skrinşot “danielluo_pi” adlı istifadəçinin “X” hesabından götürülüb
Qeyd edilən dövrdə geniş populyarlıq qazanmış hadisə ilə bağlı Harvard rəsmi münasibətini mayın 12-də, qeyd edilən postdan 6 gün sonra dərc edib. Təhsil qurumunun rəhbəri Alan Qarber öz cavab məktubunda baş vermiş hadisəyə və öncəki məktubun orfoqrafik tərəfinə dair hər hansı rəy verməyib.
Beləliklə, rektorun nazirin məktubuna orfoqrafik düzəliş edərək geri göndərməsi iddiasının reallığı əks etdirmədiyini və hadisənin “X” istifadəçisinin paylaşımı əsasında ortaya çıxdığını görmək mümkündür.
“Fakt Yoxla”nın qənaətincə, xəbər saxtadır.