Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Keir Starmer və Polşanın baş naziri Donald Tusk mayın 10-da Ukraynada səfərdə olublar. Onlar Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və bir sıra mövzuları müzakirə ediblər.
Görüşdən sonra sosial şəbəkələrdə və bir sıra xəbər saytlarında Makronun Kiyevdə Azərbaycan bayrağı önündə əyildiyi iddia edilən görüntülər yayılıb.
Kadrlar “bizim.media”, “globalinfo.az”, “axar.az” və digər saytlarda, həmçinin “Real TV”nin feysbuk səhifəsində, teleqram kanallarında, instaqramda və “TikTok”da paylaşılıb.
Skrinşot “Real TV”nin feysbuk səhifəsindən götürülüb
“Fakt Yoxla” xəbərin doğru olub-olmadığını yoxlayıb.
Kadrlarda liderlərin Ukrayna bayraqları ilə bəzədilən abidənin önündə baş əydikləri görünür. Görüntülər Kiyevin Müstəqillik Meydanında yerləşən Rusiya ilə müharibədə həlak olanların xatirəsinə ucaldılmış abidənin önündə çəkilib. Burada yüzlərlə Ukrayna bayrağı asılıb. Abidədə Azərbaycan bayrağı da var.
Foto “nachrichten.at” saytından götürülüb
Ancaq meydanda liderlərin fərqli rakurslardan çəkilən fotolarından görünür ki, burada yalnız Ukrayna bayraqları deyil, digər ölkələrin də bayraqları var.
Məsələn, aşağıdakı fotoda ABŞ, Latviya, Türkmənistan bayraqlarını görmək mümkündür.
Foto “GettyImages”dən götürülüb
Liderlərin abidə önündə baş əydiyi anların fərqli rakurslardan çəkilən fotolarında isə Azərbaycan bayrağının üzərində ad görünür. Bayrağın üzərində Qurbanov Seymur Yavər oğlunun adı yazılıb. Açıq mənbələrdə onun Mariupolda itkin düşdüyü bildirilir.
Foto “GettyImages”dən götürülüb
Kiyevə gələn xarici qonaqlar bu abidənin önündə Ukrayna uğurunda həlak olanlara ehtiramlarını bildirirlər.
"Fakt Yoxla"nın gəldiyi qənaətə görə, Makronun Azərbaycan bayrağı önündə baş əyməsi barədə xəbərlər saxtadır.