logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Azərbaycanda inflyasiyanın ölçülməsi metodologiyasının analizi

Azərbaycanda inflyasiyanın ölçülməsi metodologiyasının analizi

Son bir neçə ildə qlobal iqtisadiyyatın ən böyük problemi qiymət artımlarının kəskinləşməsidir. Bu müddət ərzində bir çox ölkələrin, eləcə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı qurumunun açıqladığı göstəricilərdən aydın olur ki, xüsusilə qida inflyasiyası ilə bağlı rekord göstəricilər qeydə alınır. 

Azərbaycanda da, qiymət artımları son dövrlər ən çox müzakirə edilən məsələlər arasındadır.

Bəs, qiymət artımları necə hesablanır və hazırda inflyasiya ilə bağlı göstəricilər nə yerdədir? 

“Fakt Yoxla” bu suala cavab tapmağa çalışıb.

Bu il Azərbaycanda son dövrlərin ən yüksək qiymət artımları qeydə alınır. Hətta 2022-ci il ərzində rəsmi olaraq açıqlanan inflyasiya göstəricisi Azərbaycanda devalivasiya və onun yaratdığı problemlərin kəskin hiss edildiyi 2016-2017-ci ildəki rəsmi inflyasiya göstəricilərindən də yüksəkdir.

Rəsmi metodologiyaya görə, istehlak qiymətləri indeksi (inflyasiya) orta alıcılıq qabiliyyətli alıcının aldığı məhsulların və istifadə etdiyi xidmətlərin qeydə alınmış məcmusunun dəyərinin ümumi dəyişməsini səciyyələndirən nisbi göstəricidir. 

Bu göstərici müəyyən dövr ərzində istehlak edilən məhsulların və xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərclərinin ümumi məbləğinin dəyişməsini əks etdirir. 

İnflyasiyanın başlıca təyinatı istehlak məhsullarının və xidmətlərin qiymət dinamikasının müəyyənləşdirilməsidir.

Dövlət Statistika Komitəsi (DSK) hər ay üç növ inflyasiya açıqlayır: 

Aylıq inflyasiya qiymətlərin bir ay öncəyə nəzərən necə dəyişməsini göstərir. Məsələn, DSK-nın sonuncu inflyasya göstəriciləri 2022-ci ilin avqustuna aiddir. Avqustda aylıq inflyasiya 0.9 faiz olub. Yəni 2022-ci ilin avqustunda qiymət indeksi 2022-ci ilin iyuluna nəzərən 0.9 faiz artıb.

Orta illik inflyasiya göstəricisi son on iki ayın inflyasiya göstəricilərinin toplanaraq 12-ə bölünməsi ilə hesablanır. Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2022-ci il sentyabrın 1-nə Azərbaycanda orta illik inflyasiya 13.2 faiz təşkil edib.

İllik inflyasiya hazırki göstəricilərin ötən ilin eyni ayı ilə müqayisədə necə dəyişdiyini göstərir. Məsələn, 2022-ci ilin avqust ayındakı qiymətlərlə, 2021-ci ilin avqust ayı arasındakı qiymət fərqləri. Dövlər Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, hazırda Azərbaycanda illik inflyasiya 14.2 faizə bərabərdir. 

Azərbaycanda rəsmi inflyasiya səsləndirilərkən, əsasən orta illik inflyasiya göstəricisi dilə gətirilir. Ancaq bir çox beynəlxalq təcrübədə illik inflyasiyaya istinad edilir. 

Müstəqil ekspertlərin inflyasiya hesablanmasında nəzərə aldıqları daha bir məqam qiymət artımlarını ölçmək üçün istifadə edilən mal və xidmətlərin sayı ilə bağlıdır. Belə ki, Dövlət Statistika Komitəsi qiymət artımlarının hesablanması ilə bağlı metodoloji izahlarında bildirir ki, indeksin hesablanmasında ölkə xüsusiyyətlərini nəzərə alaraq 528 təmsilçi məhsul və xidmət növü üzrə toplanmış qiymət məlumatlarından istifadə edilir. Məsələn, Türkiyədə bu tip məhsulların sayı 400-dən bir qədər çoxdur. Bu baxımdan, müstəqil ekspertlər hesab edir ki, statistika orqanları mümkün qədər daha az sayda və ev təsərrüfatlarının ən zəruri tələbatını ödəyən məhsul və xidmətləri səbətə daxil etməlidir. Belə ki, inflyasiyanı siyasi göstərici kimi istifadə edən hökumətlər  məhsul və xidmətlərin sayının daha çox olmasında maraqlıdır. 

Bu, manipulyasiya imkanı qazandırır və rəsmi statistikada inflyasiya göstəricisini daha aşağı səviyyədə əks etdirməyə şərait yaradır.

Qeyd etdiyimiz kimi, DSK inflyasiyanı 528 məhsul və xidmət əsasında müəyyən edir. Bu məhsul və xidmət öz növbəsində, ərzaq və qeyri ərzaq olmaqla iki yerə bölünür. 

Rəsmi rəqəmlərdən aydın olur ki, Azərbaycanda son dövrlər ərzaq inflyasiyası daha kəskin hal alıb. 

Statistika Komitəsinin açıqlamasına görə, 2022-ci il sentyabrın 1-nə ölkədə ərzaq qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 21.6 faiz bahalaşıb.

Bunu da xüsusilə vurğulamaq lazımdır ki, ərzaq xərcləri Azərbaycanda əhalinin əsas xərc istiqamətidir. 

Rəsmi məlumata görə, 2022-ci ilin avqust ayında əhalinin xərclərinin 55 faizini, yəni bütün xərclərin yarısından da bir qədər çoxunu ərzaq, tütün və içki xərcləri təşkil edib.

Bu baxımdan, əhalinin xərclərinin ciddi bir hissəsini tutan istiqamətdə 21 faizlik bahalaşma təbii ki, insanların sosial rifahının aşağı düşməsinə səbəb olur.

Statistika Komitəsinin məlumatına görə, ölkədə qeyri-ərzaq məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 8.9 faiz, ödənişli xidmət isə, 9.5 faiz bahalaşıb. 

Beləliklə, statistika orqanları mümkün qədər daha az sayda və ev təsərrüfatlarının ən zəruri tələbatını ödəyən məhsul və xidmətləri səbətə daxil etməlidir. 

İnflyasiyanı siyasi göstərici kimi istifadə edən hökumətlər hesablama zamanı məhsul və xidmətlərin sayının daha çox götürülməsində maraqlı olurlar. 

Azərbaycanda inflyasiya 528 məhsul və xidmət növü üzrə hesablanır. 

Qonşu Türkiyədə bu göstərici 400 adda məhsul və xidmət növü ilə ölçülür. 

Bundan başqa, Azərbaycanda rəsmi qurumlar açıqlamalarında illik deyil, orta illik inflyasiya göstəricisinə istinad edirlər.

Analiz
  • 30 Sentyabr, 2022
  • 872

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə