Energetika naziri Pərviz Şahbazov iştirak etdiyi mətbuat konfransında Cənub Qaz Dəhlizinin perspektivləri haqqında danışıb. Bu zaman o, Azərbaycanın Cənub Qaz Dəhlizi ilə ixrac etdiyi qazın həcminin 57 faiz artdığını bildirib. “2021-ci ildən 2024-cü ilə qədər Azərbaycan Cənub Qaz Dəhlizi ilə ixrac olunan qaz həcmlərinin 57 faiz artırılmasına nail olub”, – deyə o qeyd edib.
"Fakt Yoxla" nazirin bu iddiasının doğru olub-olmadığını yoxlayıb.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qazı 2020-ci ilin dekabr ayından etibarən Gürcüstan və Türkiyə üzərindən Avropaya nəql edən boru kəmərləri sistemidir.
Azərbaycan xarici ölkələrə Cənub Qaz Dəhlizi ilə 2021-ci il ərzində 17,8 milyard m3, 2024-cü il ərzində isə 22,9 milyard m3 qaz ixrac edib.
Beləliklə, 2021-ci illə müqayisədə 2024-cü ildə Cənub Qaz Dəhlizi ilə ixrac olunan qazın həcmi 28,65% artıb.
Eyni dövr ərzində Cənub Qaz Dəhlizi ilə Azərbaycandan yalnız Avropaya nəql olunan qazın həcmi isə 58,5% artıb. Belə ki, 2021-ci ildə Avropaya 8,2 milyard m3, 2024-cü ildə isə 13 milyard m3 qaz ixrac edilib.
Göründüyü kimi, 57 faiz artım Azərbaycanın Cənub Qaz Dəhlizi ilə yalnız Avropaya ixrac etdiyi qazın həcmində baş verib. Ümumilikdə, dəhliz vasitəsilə ixrac edilən qazın həcmi 2021-2024-cü illər arasında 28,65 faiz artıb.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, energetika naziri Pərviz Şahbazovun Cənub Qaz Dəhlizi ilə bağlı iddiası yanlışdır.