Prezident İlham Əliyevin Çinə səfərindən sonra bəzi deputatlar Çinin dünyanın bir nömrəli iqtisadi gücü olduğunu iddia ediblər. Deputat Məşhur Məmmədov aprelin 24-də açıqlamasında Çinin dünyanın bir nömrəli iqtisadi gücü olduğunu iddia edib. “Çinlə Azərbaycan əlaqələri strateji xarakter alır. Bu da dünyanın bir nömrəli iqtisadi gücü ilə münasibətlərin daha da inkişafına səbəb olacaq”, - deyə o bildirib. Oxşar iddia deputat Fazil Mustafa tərəfindən də səsləndirilib. Deputat “Çin iqtisadi gücünə görə artıq Amerika Birləşmiş Ştatlarını da üstələyən şəkildədir”, - deyə “SİA” saytına açıqlama verib.
“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.
Ölkələrin iqtisadi gücün ölçmək üçün nominal ÜDM və Alıcı Qabiliyyəti Paritetinə (AQP) əsaslanan ÜDM göstəricilərindən istifadə edilir.
Nominal ÜDM — bir ölkədə müəyyən dövr ərzində (adətən 1 il) istehsal olunan bütün mal və xidmətlərin bazar qiymətləri ilə ümumi dəyəridir. 2025-ci ildə ABŞ nominal Ümumi Daxili Məhsula (ÜDM) görə dünyanın ən böyük iqtisadi gücü olaraq qalır. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, bu il ABŞ iqtisadiyyatının həcminin nominal ÜDM-də təxminən 30,51 trilyon dollara çatacağı proqnozlaşdırılır. Çin təxminən 19,23 trilyon dollar nominal ÜDM ilə ikinci yeri tutur. Çin iqtisadiyyatı ABŞ-dən daha sürətli inkişaf etsə də, nominal ÜDM-dəki fərq əhəmiyyətli dərəcədə qalır.
AQP əsaslı ÜDM ölkələr arasında iqtisadiyyatların real ölçüsünü müqayisə etmək üçün istifadə olunan bir göstəricidir. Bu metodda malların və xidmətlərin eyni miqdarının müxtəlif ölkələrdəki qiymətləri nəzərə alınır, yəni valyuta məzənnələrindən asılı olmayaraq, insanların real alıcılıq qabiliyyəti əsasında müqayisə aparılır. Alıcılıq Qabiliyyəti Paritetinə (AQP) əsaslanan ÜDM göstəricisinə görə isə, Çin 2025-ci ildə ABŞ-ni ötüb keçəcək. Çinin AQP-y ə əsaslanan 39,44 trilyon dollar ÜDM-i, ABŞ-nin isə 30,34 trilyon dollar ÜDM-i olduğu təxmin edilir.
2025-ci il üzrə Çin və ABŞ iqtisadiyyatlarının
müqayisəli həcmi
Mənbə: Beynəlxalq Valyuta Fondu
Sadə dillə desək: AQP əsaslı ÜDM bir ölkənin iqtisadiyyatının əhalisinin gündəlik ehtiyaclarını hansı səviyyədə ödəyə bildiyini göstərir və bu, qiymət fərqlərini nəzərə alaraq digər ölkələrlə müqayisə olunur. Məsələn, bir yeməyi Hindistanda 1 dollara, ABŞ-də həmin yeməyi 5-6 dollara almaq olar. AQP metodu bu qiymət fərqini nəzərə alaraq ölkələrin iqtisadi gücünü müqayisə edir.
Avropa Statistika İdarəsi ilə OECD-nin birgə nəşrində (səh. 17) vurğulanır ki, nominal ÜDM məhsul istehsalının həcminin və son istehlak xərclərinin hesablanmasında mühüm göstərici olmaqla ölkələrin iqtisadiyyatını müqayisə etmək üçün standart ölçü kimi istifadə olunur. Bununla belə, sənəddə qeyd olunur ki, nominal ÜDM iqtisadi fəallığın əsas göstəricisi olsa da, ölkələr arasındakı ciddi qiymət fərqlərini nəzərə almaq üçün alıcılıq qabiliyyəti paritetinə (AQP) əsaslanan real ÜDM-in hesablanması da vacibdir.
Bu da göstərir ki, beynəlxalq təşkilatlar nominal ÜDM göstəricisini ölkələrin iqtisadi ölçüsünü və müqayisəsini aparmaq üçün əsas alət kimi qəbul edirlər. Üstəlik, nominal ÜDM xarici ticarət, maliyyə bazarlarının kapitallaşması və dövlət büdcəsinin formalaşması kimi sahələrdə iqtisadi gücün real göstəricisidir. Məsələn, ÜDM xərclər yanaşması ilə hesablanarkən xalis ixrac komponenti birbaşa xarici ticarət imkanlarını əks etdirir. Eləcə də dövlət büdcəsi bazar qiymətləri ilə formalaşan əlavə dəyərə əsaslanır. Bu səbəbdən nominal ÜDM-ə yalnız ikinci dərəcəli göstərici kimi baxmaq metodoloji cəhətdən yanlışdır.
Bu fərqi daha yaxşı başa düşmək üçün belə bir müqayisə yetərlidir: 2023-cü ildə Hindistanın AQP ilə hesablanmış ÜDM-i 14,5 trilyon dollar olub – bu, Almaniya, Fransa və Birləşmiş Krallığın birlikdə real ÜDM-lərindən təxminən 500 milyard dollar çoxdur. Lakin reallıqda Hindistan nə bu ölkələrin toplam iqtisadi gücünü, nə də onların hər birini ayrıca şəkildə geridə qoymur. 2023-cü ildə bu üç ölkənin ümumi ixracı (təxminən 3 trilyon dollar), demək olar ki, Hindistanın nominal ÜDM-i ilə eyni, Hindistanın ixracı isə (430 milyard dollar) onların ixracından təxminən 7 dəfə az olub.
Nəticə olaraq, Çin, AQP-yə əsaslanan ÜDM baxımından 2025-ci ildə ABŞ-ni keçmişdir. Bu, rəqəmlərlə sübut edilə bilən bir faktdır və Çin iqtisadiyyatının real alıcılıq qabiliyyəti baxımından ABŞ-dən daha böyük olduğunu göstərir. Lakin deputatlar bu iddianı səsləndirərkən hansı göstəriciyə əsaslandıqlarını açıqlamırlar və ümumi “iqtisadi güc” anlayışını istifadə edərək, çoxları tərəfindən əsas göstərici sayılan nominal ÜDM-i nəzərə almırlar. Halbuki, dünya üzrə maliyyə bazarları, ixrac gücü, valyuta ehtiyatları və beynəlxalq təsir gücü baxımından nominal ÜDM əsas göstəricidir. Bu baxımdan ABŞ hələ də birinci yerdədir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə Məşhur Məmmədov və Fazil Mustafanın iddiaları faktlarla manipulyasiyadır.