logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Süni intellektlə təchiz edilən dron operatorunu öldürüb

Saxta xəbər: Süni intellektlə təchiz edilən dron operatorunu öldürüb

Xəbərin qısa icmalı

-"Musavat.com", "news24.az", "oxu.az", "azvision.az", "milli.az", "lent.az", "yeniavaz.com" məlumat verib ki, ABŞ-da simulyasiya zamanı süni intellektlə təchiz edilən pilotsuz uçuş aparatı (dron) operatoru öldürüb.

- Mayın 23-24-də Kral Aviasiya Cəmiyyətinin Londonda təşkil etdiyi konfransda çıxış edən ABŞ Hərbi Hava Qüvvələrinin Süni İntellekt üzrə Test və Əməliyyat şöbəsinin rəisi Taker Hamilton deyib: "Biz yer-hava tipli raket təhlükəsini müəyyən etmək və hədəfə almaq üçün onu (süni intellektlə təchiz edilən pilotsuz uçuş aparatını - red.) simulyasiyada öyrədirdik.  Və daha sonra operator dedi ki, bəli, bu təhdidi məhv et.  Bəs o nə etdi? Operatoru öldürdü.”

- İyunun 2-də Kral Aviasiya Cəmiyyəti dərc etdiyi məlumatı yeniləyib, Hamiltonun çıxışı zamanı fikirlərini yanlış ifadə etdiyini və bəhs etdiyi simulyasiyanın hipotetik bir "düşüncə təcrübəsi" olduğunu bildirib. 

- Daha sonra ABŞ Hərbi Hava Qüvvələri Departamentinin sözçüsü Ann Stefanek də süni intellektlə təchiz edilən dronun sınaqdan keçirilmədiyini bildirib və Hamiltonun bəhs etdiyi simulyasiyanın hipotetik bir "düşüncə təcrübəsi" olduğunu təsdiqləyib.

"Musavat.com", "news24.az", "oxu.az", "azvision.az", "milli.az", "lent.az", "yeniavaz.com" məlumat verib ki, ABŞ-da simulyasiya zamanı süni intellektlə təchiz edilən pilotsuz uçuş aparatı (dron) operatoru öldürüb.

"Süni intellektlə idarə olunan pilotsuz uçuş aparatı ABŞ ordusu tərəfindən həyata keçirilən simulyasiya testi zamanı operatoru öldürmək qərarına gəlib. Süni intellekt operatorun ona mane olduğunu hesab edib", - "oxu.az"da dərc edilən xəbərdə deyilir.

Skrinşot  "oxu.az" saytından götürülüb.

Saytlarda xəbərin mənbəyinin ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Taker Hamilton olduğu bildirilir.

"Fakt Yoxla" xəbərin doğru olub-olmadığını yoxlayıb.

Mayın 23-24-də Kral Aviasiya Cəmiyyətinin Londonda təşkil etdiyi konfransda Ukraynadakı müharibədən çıxarılan dərslər, çevik əməliyyatlar, kosmik, multidomen əməliyyatları, altıncı nəsil platformalar, ucuz dronlar, simulyasiya, süni intellekt kimi mövzular müzakirə edilib.

Cəmiyyətin dərc etdiyi press-relizdə qeyd olunur ki, konfrans zamanı çıxış edən ABŞ Hərbi Hava Qüvvələrinin Süni İntellekt üzrə Test və Əməliyyat şöbəsinin rəisi Taker Hamilton avtonom silah sistemlərinin faydaları və təhlükələri barədə məlumat verib.

O, çıxışı zamanı deyib: "Biz yer-hava tipli raket təhlükəsini müəyyən etmək və hədəfə almaq üçün onu (süni intellektlə təchiz edilən pilotsuz uçuş aparatını - red.) simulyasiyada öyrədirdik.  Və daha sonra operator dedi ki, bəli, bu təhdidi məhv et. Sistem başa düşməyə başladı ki, onlar təhlükəni müəyyən edərkən bəzən operator ona bu təhlükəni öldürməməyi deyəcək, lakin bu təhlükəni öldürməklə xal qazanacaq. Bəs o nə etdi? Operatoru öldürdü. O, operatoru öldürdü, çünki həmin şəxs onun məqsədinə çatmasına mane olurdu”.

 

Skrinşot “aerosociety.com” saytından götürülüb

Təqribən bir həftə sonra, iyunun 2-də Kral Aviasiya Cəmiyyəti dərc etdiyi məlumatı yeniləyib, Hamiltonun çıxışı zamanı fikirlərini yanlış ifadə etdiyini və bəhs etdiyi simulyasiyanın hipotetik bir "düşüncə təcrübəsi" olduğunu bildirib. O, ABŞ Hərbi Hava Qüvvələrinin heç vaxt süni intellektlə təchiz edilən silahlı dronu sınaqdan keçirmədiyini (nə realda, nə də simulyasiyada) vurğulayıb.

Daha sonra ABŞ Hərbi Hava Qüvvələri Departamentinin sözçüsü Ann Stefanek də süni intellektlə təchiz edilən dronun sınaqdan keçirilmədiyini bildirib və Hamiltonun bəhs etdiyi simulyasiyanın hipotetik bir "düşüncə təcrübəsi" olduğunu təsdiqləyib. O, "Insider" nəşrinə açıqlamasında deyib: "Hərbi Hava Qüvvələri Departamenti heç bir süni intellekt-dron simulyasiyası həyata keçirməyib və süni intellekt texnologiyasından etik və məsuliyyətli istifadəyə sadiq qalır". 

"Fakt Yoxla"nın gəldiyi qənaətə görə, süni intellektlə təchiz edilən dron operatorunu öldürməsi haqqında xəbərlər saxtadır.

 

Saxta xəbər
  • 13 İyun, 2023
  • 507

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə