logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

APA xəbər agentliyi Prezidentin açıqlamasını dəqiqləşdirmədən dərc edib

APA xəbər agentliyi Prezidentin açıqlamasını dəqiqləşdirmədən dərc edib

Oktyabrın 2-də Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib. Açılışda ingilis dilində çıxış edən Prezident İlham Əliyevin nitqi tərcüməçi tərəfindən Azərbaycan dilinə çevrilib. Tərcüməçi Prezidentin çıxışının 28:05-ci dəqiqəsində verdiyi statistik məlumatı belə tərcümə edib: “Xarici valyuta və qızıl ehtiyatımız ÜDM-dən 10 dəfə artıqdır”. “APA” xəbər agentliyinin açılış mərasimində prezident İlham Əliyevin çıxışı ilə bağlı xəbərində də “xarici valyuta və qızıl ehtiyatımız ÜDM-dən 10 dəfə artıqdır” ifadələri öz əksini tapıb. 

“Fakt Yoxla” media qurumunun yaydığı xəbərin doğru olub-olmadığını araşdırıb. 

Prezidentinin rəsmi saytında yerləşdirilən orijinal, ingilis dilində olan stenoqramda və stenoqramın tərcüməsində həmin məlumat belə qeyd edilib: “Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on dəfə üstələyir”. Yəni, stenoqramda qeyd edilən məlumatla, APA-nın yaydığı məlumat fərqlidir. Çünki, stenoqramda xarici valyuta ehtiyatlarının ÜDM-dən deyil, birbaşa xarici borcdan 10 dəfə yüksək olması qeyd edilir. Prezident İlham Əliyevin facebook səhifəsində isə bu barədə qeyd edilib ki, birbaşa xarici borc ÜDM-in 10 faizinə bərabərdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 133.8 milyard manata, yəni, 78.7 milyard dollara bərabər olub. Eyni dövrdə Azərbaycanın valyuta və qızıl ehtiyatlarının həcmi isə 58 milyard dollara bərabər olub. Yəni, bu ilin əvvəlinə Azərbaycanın valyuta qızıl ehtiyatları ÜDM-ni on dəfə üstələmir, əksinə, ölkənin ÜDM-si valyuta-qızıl ehtiyarlarından 36% daha çoxdur.

Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin əvvəlinə Azərbaycanın birbaşa xarici dövlət borcu 6.7 milyard dollara bərabər olub ki, bu da xarici valyuta və qızıl ehtiyatlarından 8.6 dəfə azdır.

Bir sözlə, Azərbaycanın valyuta-qızıl ehtiyatları ÜDM-dən 36% az, xarici borcdan isə 8.6 dəfə yüksəkdir. 

“Fakt Yoxla”nın araşdırmasına görə, “APA”  Xəbər Agentliyi Prezidentin açıqlamasını dəqiqləşdirmədən dərc edib. Çıxışın orijinal stenoqramında Prezident belə fikir səsləndirməyib.

Analiz
  • 9 Oktyabr, 2023
  • 1581

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə