logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Gömrük Komitəsi: “Azərbaycanın ən çox mal idxal etdiyi ölkə Rusiya olub”

Gömrük Komitəsi: “Azərbaycanın ən çox mal idxal etdiyi ölkə Rusiya olub”

Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci ilin yekunu ilə bağlı ticarət göstəricilərini açıqlayıb. “Fakt Yoxla” ötən il idxal və ixrac əməliyyatlarında qeydə alınan trendləri analiz edib.

Rəsmi rəqəmlərdən aydın olur, enerji qiymətlərindəki bahalaşma ölkənin ticarət dövriyyəsini kəskin artırıb. 2022-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 52 milyard 686 milyon dollar olub. 2021-ci ildə bu rəqəm 33 milyard 912 milyon dollar idi. Yəni, il ərzində xarici ticarət dövriyyəsi 18 milyard 772 milyon dollar və ya  55%  artıb. Artımın əsas səbəbi enerji qiymətlərinin bahalaşmasıdır.  

İXRAC

Ötən il Azərbaycan 38 milyard 146 milyon dəyərində ixrac həyata keçirib. Bu, 2021-ci illə müqayisədə 16 milyard dollar artım deməkdir. İxracın 35 milyard dolları, yəni, 92.01%-i neft və qaz ixracının hesabına təmin edilib. Qeyri-neft sektorunun ixracda payı cəmi 7.99%-ə bərabər olub. 2021-ci ildə ixracda enerji sektorunun payı təxminən 5 faiz daha aşağı – 87.78 faiz idi. 2022-ci ildə ixracda baş verən artımın 98%-i neft-qaz sektoru ilə, cəmi 2%-i qeyri-enerji ixracı ilə bağlıdır.

Əgər 2021-ci ildə Azərbaycanın ixrac etdiyi 1 ton neftin orta satış qiyməti 487 dollar olmuşdusa, 2022-ci ildə həmin göstərici 748 dollara yüksəlib. Yəni,  bu istiqamətdə 54% artım qeydə alınıb. Təbii qazın hər 1000 kubmetrinin orta ixrac dəyəri isə 2021-2022-ci illərdə 276 dollardan 790 dollara yüksəlib.

İDXAL

2022-ci ildə Azərbaycana idxal edilən məhsulların dəyəri 14 milyard 540 milyon dollar olub. Bu, 2021-ci illə müqayisədə təxminən 3 milyard dollar artım deməkdir. İdxalla bağlı digər bir məqam dövlət sektorunun idxalda payının artması ilə bağlıdır. 2021-ci ildə idxalın cəmi 10%-i dövlət sektoru tərəfindən həyata keçirilirdisə, ötən il bu rəqəm 17%-ə yüksəlib. 

2022-ci ildə ölkənin idxalında ilk yeri maşın, mexanizm, elektrik aparatları, avadanlıqları və ehtiyat hissələri tutub (19.89%). Bu tip məhsulların idxalına 2 milyard 892 milyon dollar xərclənib. İdxalda ən çox paya sahib olan ikinci istiqamət isə 16.25%-lə yeyinti məhsullarıdır. Ötən il yeyinti məhsullarının ixracına 2 milyard 363 milyon dollar vəsait sərf edilib. Bu, 2021-ci illə müqayisədə 430 milyon dollar artım deməkdir. 

Yeyinti məhsulları içərisində idxalına ən çox vəsait sərf edilən məhsul buğdadır. 2022-ci ildə təkcə buğda idxalı üçün 437 milyon dollar ödənilib. İkinci ən çox vəsait sərf edilən yeyinti məhsulu yağlar olub. Ötən il Azərbaycana 297 milyon dollar dəyərində yağ idxal edilib. 

İxrac və idxalda yer tutan əsas ölkələr

2022-ci ildə Azərbaycanın ən çox mal ixrac etdiyi ölkə ənənəvi olaraq İtaliya olub. İxrac dilən malların 46.62%-i İtalyanın payına düşüb İtaliya, Azərbaycan neftinin və təbii qazının ən böyük alıcısıdır. İxraca görə ikinci yeri tutan Türkiyə, Azərbaycanın il ərzində satdığı təbii qazın 37.7%- ni idxal etməklə yanaşı, qeyri-neft ixracında da mühüm yer tutur. Türkiyənin ixracda payı 9.29% təşkil edir. Üçüncü sırada qərarlaşan İsrailin ümumi ixracda payı isə, 4.41%-dir. İsrail, İtaliyadan sonra Azərbaycan neftinin ən böyük alıcısı olub.

Ümumi ixracla yanaşı, sırf qeyri-neft sektoru ixracında da, yüksək coğrafi təmərküzləşmə müşahidə edilir. Ötən il Azərbaycanın qeyri-neft ixracının 30.47%-i Rusiyanın, 23.40 faizi isə Türkiyənin payına düşüb. Yəni, qeyri-neft ixracının yarıdan çoxu - 53.87%-i sadəcə bu iki ölkəni əhatə edib. 

Ötən il Azərbaycana ən çox mal Rusiyadan idxal olub. 2022-ci ildə Rusiya Azərbaycana 2 milyard 725 milyon dollarlıq məhsul satıb. Bu, 2021-ci illə müqayisədə təxminən 700 milyon dollar çoxdur. İl ərzində Azərbaycanın idxalının 18.81%-i sadəcə Rusiyanın payına düşüb. Rusiyanın ixracında ən çox paya sahib məhsullar buğda, benzin və ağac məhsullarıdır. 

Azərbaycanın idxalında Türkiyənin payı isə, 15.80 faizdir. Bu göstərici ilə Türkiyə Azərbaycanın ən çox məhsul idxal etdiyi ikinci ölkədir. Azərbaycan 2022-ci ildə Türkiyədən 2 milyard 297 milyon dollarlıq məhsul alıb. Bu, 2021-ci illə müqayisədə təxminən yarım milyard dollar artım deməkdir. Azərbaycanın Türkiyədən idxal etdiyi məhsullar arasında dərman vasitələri, kimya və tekstil sənayesi və qida məhsulları ön sırada yer tutur. 

Azərbaycanın ən çox məhsul idxal etdiyi üçüncü ölkə isə Çindir. İl ərzində Çindən 2 milyard 86 milyon dollarlıq məhsul idxal edilib. Bu, cəmi idxalın 14.35 faizidir. 2021-ci illə müqayisədə Çindən idxal təxminən 400 milyon dollar artıb. Digər ölkələrin heç birindən idxal 1 milyard dolları ötməyib. Çinin Azərbaycana ixracında əsas yeri müxtəlif elektronika məhsulları tutur.

Beləliklə, 2022-ci ildə xarici ticarət dövriyyəsi 55% artan Azərbaycanın ən çox mal ixrac etdiyi ölkə İtaliya, ən çox mal idxal etdiyi ölkə Rusiya olub. 

Analiz
  • 6 Mart, 2023
  • 1766

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə