logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Deputat Hicran Hüseynovanın Qoşulmama Hərəkatı ilə bağlı yanlış iddiaları

Deputat Hicran Hüseynovanın Qoşulmama Hərəkatı ilə bağlı yanlış iddiaları

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Hicran Hüseynova “azertag.az”a açıqlamasında Qoşulmama Hərəkatı ilə bağlı bildirib ki, dünya əhalisinin 80 faizi, dünya ÜDM-inin təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür.

- Təşkilata Hindistan (1457 milyon), İndoneziya (284 milyon), Pakistan (274 milyon) kimi əhalisinin sayı çox olan ölkələr üzv olsa da, bu, dünya əhalisinin 80 faizini təşkil etmir.

Qoşulmama Hərəkatına üzv olmayan ölkələrin ÜDM-i Dünya ÜDM-nin ən azı 75%-dən çoxunu təşkil edir.

- Beynəlxalq ticarət həcminə gəldikdə, təkcə ABŞ, Avropa Birliyi və Çin arasındakı ticarət həcmi beynəlxalq ticarətin təxminən yarısını təşkil edir ki, Qoşulmama Hərəkatına üzv olmayan başqa ölkələrin də ticarət həcmləri nəzərə alındıqda bu rəqəm daha yüksək olur.

Milli Məclisin deputatı Hicran Hüseynova “azertag.az”a açıqlamasında Qoşulmama Hərəkatı ilə bağlı bildirib ki, dünya əhalisinin 80 faizi, dünya ÜDM-inin təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür.

"Fakt Yoxla" bu iddiaların doğru olub-olmadığını yoxlayıb.

Qoşulmama Hərəkatının 1961-ci ildə təsis edilmiş və İnkişaf Etməkdə Olan ölkələrin maraqlarını müdafiə edən beynəlxalq təşkilatdır. Təşkilata üzvlük şərti çoxtərəfli hərbi ittifaqın üzvü olmamaqdır. Hazırda təşkilat 120 üzvü ilə Birləşmiş Millətlər Təşkilatından sonra ən böyük beynəlxalq təşkilat hesab olunur.

İddia 1: Dünya əhalisinin 80 faizi Qoşulmama Hərəkatına üzv ölkələrin payına düşür.

Təşkilata Hindistan (1457 milyon), İndoneziya (284 milyon), Pakistan (274 milyon) kimi əhalisinin sayı çox olan ölkələr üzv olsa da, bu, dünya əhalisinin 80 faizini təşkil etmir. Belə ki, təşkilata üzv olmayan və ya müşahidəçi statusunda olan məhdud sayda ölkələrin sayı belə dünya əhalisinin 20%-dən çoxunu təşkil edir. Məsələn, Təşkilatda müşahidəçi statusunda olan Çin (1417 milyon), Braziliya (212 milyon), Rusiya (144 milyon), Meksika (131 milyon) və Təşkilata üzv olmayan ABŞ (346 milyon), Yaponiya (123 milyon) əhalilərinin ümumi sayı (təxminən 2373 milyon) dünya əhalisinin ümumi sayının (təxminən 8.2 milyard) təxminən 29%-ni təşkil edir. Digər ölkələri də daxil etdikdə bu rəqəm daha da artacaq.

İddia 2: Dünya ÜDM-nin 50 faizi Qoşulmama Hərəkatına üzv ölkələrin payına düşür.

Qoşulmama Hərəkatına üzv ölkələrin dünya ÜDM-də payı 50% yox, bundan xeyli aşağıdır. Belə ki, təşkilata üzv olmayan bəzi ölkələrin, məsələn, ABŞ (29.1 trilyon), Almaniya (4.7 trilyon), Yaponiya (4 trilyon), Birləşmiş Krallıq (3.5 trilyon), Fransa (3.1 trilyon), İtaliya (2.3 trilyon), Kanada (2.2 trilyon), Cənubi Koreya (1.8 trilyon), Avstraliya (1.8 trilyon), İspaniya (1.7 trilyon), Türkiyə (1.3 trilyon) və Niderland (1.2 trilyon) ÜDM-lərinin cəmi (56.7 trilyon dollar) Dünya ÜDM-indəki (təxminən 110 trilyon dollar) payı 51% edir. Bu hesablamaya təşkilatda müşahidəçi statusunda olan Çin (18.2 trilyon), Braziliya (2.1 trilyon), Rusiya (2.1 trilyon) və Meksika (1.8 trilyon) kimi ölkələrin də ÜDM-lərini əlavə etdikdə aydın olur ki, Qoşulmama Hərəkatına üzv olmayan ölkələrin ÜDM-i Dünya ÜDM-nin ən azı 75%-dən çoxunu təşkil edir.

İddia 3: Beynəlxalq ticarətin yarısı Qoşulmama Hərəkatı ölkələrinin payına düşür.

Beynəlxalq ticarət həcminə gəldikdə, təkcə ABŞ, Avropa Birliyi və Çin arasındakı ticarət həcmi beynəlxalq ticarətin təxminən yarısını təşkil edir ki, Qoşulmama Hərəkatına üzv olmayan başqa ölkələrin də ticarət həcmləri nəzərə alındıqda bu rəqəm daha yüksək olur.

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Hicran Hüseynovanın Qoşulmama Hərəkatının ilə bağlı səsləndirdiyi hər üç iddia yanlışdır.

Yanlış
  • 27 May, 2025
  • 76

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə