Deputat Elman Nəsirov Sfera.az-a verdiyi müsahibə zamanı iddia edib ki, Azərbaycanda 80 faiz insan sosial şəbəkə istifadə edir:
“Hesab edirəm ki, sosial şəbəkələr demokratiyanın bir elementidir. Burada hər bir şəxs öz fikrini ifadə edə bilir. Azərbaycanda insanların təxminən 80 faizi sosial şəbəkə istifadəçisidir”.
“Fakt Yoxla” iddianın doğru olub olmadığını yoxlayıb.
2025-ci ilin statistikasına əsasən Azərbaycanda 9.23 milyon nəfər internetdən istifadə edir. Bu da əhalinin 89 faizini təşkil edir. Sosial media istifadəçiləri isə eyni dövrə əsasən 6.73 milyon nəfər olub ki, bu da ümumi əhalinin 64.9 faizini, 18 yaşdan yuxarı əhalinin isə 87.7 faizi əhatə edir.
Azərbaycanın internet və sosial media statistikası
Mənbə: Datareportal.com
Əlavə olaraq deputat iddiada “sosial şəbəkə” sözündən istifadə edir. Əslində sosial media və sosial şəbəkə eyni anlayışlar deyil. Sosial şəbəkələr dedikdə insanların kommunikasiya qurduğu platformalar nəzərdə tutulur, sosial media isə təkcə kommunikasiya üçün yox, həm də insanların öz məzmunlarını paylaşa bildiyi platforma və ya saytlardır. Yəni sosial media sosial şəbəkələrdən daha geniş anlayışdır və sosial şəbəkələr onun bir hissəsidir.
Azərbaycanda sırf sosial şəbəkə istifadəçilərinin konkret sayı barədə statistika yoxdur. Bunun əsas səbəbi odur ki, bir şəxs bir neçə profildən istifadə edə bilir. Məhz bu səbəbdən istifadəçi sayı barədə konkret rəqəm söyləmək mümkün deyil. Lakin nəzərə alsaq ki, sırf sosial şəbəkələr istifadəçiləri sosial medianın istifadəçilərinin bir hissəsidir, o zaman bu rəqəm 6.73 milyon nəfərdən də az olacaq. Yəni Azərbaycan əhalisinin ən çox 64.9 faizi sosial şəbəkələrdən istifadə edir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputatın iddiası yanlışdır.