logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Kamal Cəfərov: “Əli Kərimov bu günə qədər Fransanı tənqid etməyib, Avropa təsisatlarını ittiham etməyib”

Kamal Cəfərov: “Əli Kərimov bu günə qədər Fransanı tənqid etməyib, Avropa təsisatlarını ittiham etməyib”

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Kamal Cəfərov öz sosial şəbəkə hesabında yazıb ki, hər gün xarici təzyiqdən həvəslə danışan Əli Kərimov, bu günə qədər Azərbaycana qarşı Ermənistandan daha çox düşmənçilik edən Fransanı tənqid etməyib, Avropa təsisatlarını ittiham etməyib.

2023-cü il oktyabrın 3-də Fransanın XİN başçısı Katrin Kolonna Yerevanda keçirdiyi mətbuat konfransında Fransanın Ermənistana hərbi texnika verməsi məsələsini müzakirə etməyə hazır olduğunu qeyd etdikdən sonra Əli Kərimli bildirib ki, Fransanın Ermənistana silah satmaq istəməsi yalnız Azərbaycan maraqları deyil, Fransanın da maraqları baxımından səhv bir hərəkətdir. Partiya sədri vurğulayıb ki, Fransa Ermənistanı özünə müttəfiq kimi seçsə, Azərbaycanda anti-Avropa ovqatı güclənəcək, Fransa Azərbaycanı itirmiş olacaq.

- Partiya sədri Avropa Parlamentinin oktyabrın 5-də Avropa İttifaqının Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana qarşı sanksiyalar qoymasına, Bakı ilə əməkdaşlığa yenidən baxmasına və Azərbaycan qazından asılılığın azaltmasına çağıran qətnaməsi haqqında deyib ki, bu qətnamə qərəzlidir, Azərbaycana qarşı sərt dildən istifadə edilib, qətnamədə əsassız və haqsız iddialar var.

- AXCP sədri Azərbaycan prezidenti İlham Əliyevin 2023-cü il oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirakdan imtina etməsi haqqında danışarkən vurğulayıb ki, Avropa Parlamentində Azərbaycana qarşı mövqe qərəzlidir və qərəzli qərar qəbul olunur. Onun fikrincə azərbaycanlılara qarşı olan etnik təmizləmə varkən, Avropa Parlamenti əsassız olaraq ermənilərə qarşı etnik təmizləmədən danışır.

“Hər gün xarici təzyiqdən həvəslə danışan Əli Kərimov, bu günə qədər Azərbaycana qarşı Ermənistandan daha çox düşmənçilik edən Fransanı tənqid etməyib, Avropa təsisatlarını ittiham etməyib”.

Bunu Milli Məclisin deputatı Kamal Cəfərov öz sosial şəbəkə hesabında yazıb.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını araşdırıb.

Əli Kərimov dedikdə deputat hazırda müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlini nəzərdə tutur. Azərbaycanda şəxslərin soyad sonluqları bir çox hallarda -ov, -yev-lə səsləndirilir. 

Qeyd edək ki, Kamal Cəfərov bu iddia ilə 2023-cü il 22 oktyabr tarixində çıxış edib. Araşdırma zamanı həmin tarixə qədər olan faktlardan istifadə edilib.

2023-cü il oktyabrın 3-də Fransanın XİN başçısı Katrin Kolonna Yerevanda keçirdiyi mətbuat konfransında Fransanın Ermənistana hərbi texnika verməsi məsələsini müzakirə etməyə hazır olduğunu qeyd etmişdi. O, bir sıra məsələlərin artıq Paris və Yerevan arasında razılaşdırıldığını vurğulamışdı.

Əli Kərimli bununla bağlı irad tutaraq bildirib ki, Fransanın Ermənistana silah satmaq istəməsi yalnız Azərbaycan maraqları deyil, Fransanın da maraqları baxımından səhv bir hərəkətdir. Partiya sədri vurğulayıb ki, Fransa Ermənistanı özünə müttəfiq kimi seçsə, Azərbaycanda anti-Avropa ovqatı güclənəcək, Fransa Azərbaycanı itirmiş olacaq.

Onun sözlərinə görə,  Fransa Ermənistanı silahlandırılmasında iştirak edəcəksə nəinki Azərbaycan və Ermənistan arasındakı sülh prossesində vasitəçi ola bilməz, hətta Azərbaycanla heç bir yaxşı münasibətə ümid edə bilməz. 

Partiya sədri Avropa Parlamentinin oktyabrın 5-də Avropa İttifaqının Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana qarşı sanksiyalar qoymasına, Bakı ilə əməkdaşlığa yenidən baxmasına və Azərbaycan qazından asılılığın azaltmasına çağıran qətnaməsi haqqında deyib ki, bu qətnamə qərəzlidir, Azərbaycana qarşı sərt dildən istifadə edilib, qətnamədə əsassız və haqsız iddialar var.

AXCP sədri Azərbaycan prezidenti İlham Əliyevin 2023-cü il oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirakdan imtina etməsi haqqında danışarkən vurğulayıb ki, Avropa Parlamentində Azərbaycana qarşı mövqe qərəzlidir və qərəzli qərar qəbul olunur. Onun fikrincə azərbaycanlılara qarşı olan etnik təmizləmə varkən, Avropa Parlamenti əsassız olaraq ermənilərə qarşı etnik təmizləmədən danışır. Buna görə də prezident gedib, sammitdə iştirak edib, öz iradlarını bildirməli idi. 

Bundan başqa əvvəlki illərdə də partiya sədri Fransa ilə bağlı tənqidi fikirlər səsləndirib. Məsələn, o, 2011-ci ildə Fransa parlamentinin "erməni soyqırımı"nın inkar edilməsinin cinayət sayılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsinə münasibət bildirərkən deyib ki, bu qanunla Avropa konvensiyalarında təminat verilən ifadə azadlığı prinsipi kobud şəkildə məhdudlaşdırılır. Partiya sədri vurğulayıb ki, Fransa hakimiyyəti seçki maraqlarına görə bütövlükdə Avropaya, Avropa dəyərlərinə yaraşmayan belə hərəkətdən çəkinməlidir.

Beləliklə, yuxarıdakı məlumatlardan da göründüyü kimi, AXCP sədri Əli Kərimli Avropa təsisatları və Fransanı tənqid edən açıqlamalar verib. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə deputatın iddiası yanlışdır.

Yanlış
  • 7 Noyabr, 2023
  • 849

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə