Deputat Asim Mollazadə iddia edib ki, Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin əsasını qoyub. “O [Heydər Əliyev], həm də Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısıdır”, - deyə deputat Crossmedia.az saytına bildirib.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını araşdırıb.
Azərbaycan Silahlı Qüvvələrinin əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulub. Həmin gün hökumətin qərarı ilə Milli Ordunun yaradılması haqqında fərman imzalanıb. Bu fakt Azərbaycanın hərbi tarixində dönüş nöqtəsi hesab olunur və 26 iyun tarixi hazırda Azərbaycan Silahlı Qüvvələri Günü kimi rəsmi şəkildə qeyd olunur.
Sovet hakimiyyəti qurulduqdan sonra Xalq Cümhuriyyətinin yaratdığı ordu ləğv edildi. Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra isə ordu quruculuğu prosesi yenidən başladı. 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi yaradılıb, oktyabrın 9-da isə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun qəbul olunub. Bu qanunla müstəqil Azərbaycanın ordusunun hüquqi bazası formalaşdırılıb. Eyni zamanda, keçmiş sovet ordusunun Şıx qəsəbəsində yerləşən N saylı hərbi hissəsinin bazasında Milli Ordunun ilk motoatıcı briqadası təşkil olunub.
Birinci Qarabağ müharibəsi dövründə (1988–1994) Azərbaycan Ordusu təxminən 30 min əsgər, 10 minə yaxın OMON və bir neçə min nəfərdən ibarət könüllülərdən ibarət olub. Bu dövrdə müxtəlif hərbi birliklər – o cümlədən Surət Hüseynovun 709 saylı hərbi hissəsi, İsgəndər Həmidovun "Bozqurd" briqadası və başqaları – fəaliyyət göstərib. Ölkə döyüşlərdə yüzlərlə texnika və silah-sursatdan istifadə edib və 1991–1994-cü illər ərzində 11.557 Azərbaycan hərbçisi şəhid olub.
Heydər Əliyev hakimiyyətə 1993-cü ildə gəlib. Ondan əvvəlki dövrdə Müdafiə naziri vəzifəsində Valeh Bərşadlı, Tacəddin Mehdiyev, Şahin Musayev, Tahir Əliyev və Rəhim Qazıyev kimi şəxslər çalışıb. Baş Qərargah rəisi vəzifəsini isə Şahin Musayev, Rüfət Əmirov, Valeh Bərşadlı və Nurəddin Sadıqov icra ediblər.
"Fakt Yoxla"nın gəldiyi nəticəyə görə, Asim Mollazadənin iddiası yanlışdır.